Şuşa qəsdən Azərbaycana təhvil verilib və... - Erməni "komandirdən" SENSASİYALI AÇIQLAMA

06.09.2022 10:59
28540
6316f0f5a1468202209220421

“Şuşa qəsdən düşmənə təhvil verilib və bu çirkabda çoxlarının əli var”.

AZSABAH.COM KONKRET.az-a istinadla xəbər verir ki, bunu terrorçu “Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan “Hraparak” qəzetinin müxbirinə müsahibəsində deyib. O bildirib ki, Şuşa bir hərbçinin hərəkəti nəticəsində yıxıla bilməz.

“Günahkarlar çoxdur. Şuşa yalnız Mikayel Arzumanyanın hərəkətlərinə görə necə təslim ola bilərdi? Ermənistanın indiki hakimiyyəti boş yerə hər şeyi bir nəfərin üzərinə yıxmağa çalışır. Hesabat verməli olan çox adam var.

Şuşanı qəsdən düşmənə veriblər və bu, bir daha deyirəm, bir nəfərin işi ola bilməz, çoxları bu murdarlığa qarışıb. İndi onlar hər şeyi bir nəfərin üzərinə qoymağa çalışırlar, amma boş yerə”, – terrorçu qeyd edib.

Bu murdarlıqda çoxlarının əli olduğunu deyərək kimi nəzərdə tutduğunu soruşduqda, o, belə cavab verib:

“Konkret ad çəkməyəcəm, amma deyim ki, çoxları günahkardır. Çağırış elan etməyənlər, ordunu gücləndirməyənlər, xalqı parçalayanlar günahkardır. Şuşanı əl-ələ verib satdılar. Onların günahı bərabərdir. Xüsusilə heç kimi günahlandırmayın. Arzumanyan günah keçisi oldu, bəsdir”.

Xatırladaq ki, “keçmiş müdafiə naziri”, Qarabağdakı qondarma ordunun keçmiş komandanı, qondarma “prezidentin” baş müşaviri, general-leytenant Mikayel Arzumanyan bir neçə gün əvvəl həbs edilib. O, Şuşanı təslim etməkdə ittiham olunur.

Məlumat üçün bildirək ki, “Arabo” terrorçu batalyonu 1989-cu ildə İrəvanda Qarabağda açıq döyüş əməliyyatları başlamazdan əvvəl yaradılıb. Onun döyüşçülərinin sayı 200-ə yaxın, əsasən ərəb ölkələrindən – Livan və Suriyadan olan ermənilər olub. Batalyona Manvel Yeqiazaryan komandirlik edirdi.

Dəstə 1992-ci il iyunun 29-da Əsgəran yaxınlığında gedən döyüşdə azərbaycanlı döyüşçülərin (məşhur Gəncə batalyonunun döyüşçüləri) əhatəsində tamamilə məhv edilib.

Terrorçu dəstə Azərbaycan sərhədində, Qarabağın bütün bölgələrində, həmçinin Naxçıvanda gedən döyüşlərdə iştirak edib. Arabo dəstəsinin 600-ə yaxın üzvü olub.

P.S. Şuşa təslim olunmayıb, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə geri qaytarılıb. Özgə torpağı üstündə kimi istəyirsiniz günühlandırın, həbs edin, faydası yoxdur. Bir danılmaz fakt var ki, o da Qarabağ Azərbaycandır!