Metroda gedişhaqqı ilə bağlı yenilik

01.11.2023 11:40
494
654200ecb5830202311234028

Metroda gedişhaqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

AZSABAH.COM xəbər verir ki, bunu "Bakı Metropoliteni"QSC-nin sədr müvani Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, bu il sentyabrın 2-də Prezident İlham Əliyev "Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərmanı imzalayıb. Bu sənədlə "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.

Sədr müavininin sözlərinə görə, dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

H. Məmmədov əlavə edib ki, fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

AZSABAH.COM