Əlverişsiz hava nə vaxtadək DAVAM EDƏCƏK?

17.12.2023 14:25
426
657eccd228bc4202312232626

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.

AZSABAH.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürətinin bəzi yerlərdə 27-32 m/san-dək çatacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti dekabrın 18-i səhərədək davam edəcək. Bəzi yerlərdə intensiv olacağı, dekabrın 17-i gecəyə doğru, 17-dən 18-ə keçən gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur. Güclü küləkli hava şəraiti dekabrın 18-i səhər saatlarından tədricən mülayimləşəcək.

Bölgələrdə də yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i səhərədək davam edəcək.

Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı yerlərdə, əsasən Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində, Balakən, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara zonasında yağıntıların intensiv olacağı ehtimal olunur.

Dekabrın 18-i gündüz saatlarından Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi gözlənilir.

Dekabrın 19-u və 20-də ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək.