Azərbaycan məktəbində qorxulu ANLAR: 5 YARALI VAR!

12.12.2023 16:39
361
657856541f0e5202312234716

Zaqatalada çaqqal məktəblilərə və onların valideynlərinə hücum çəkib. Hadisə rayonun Muxax kəndi ərazisində baş verib.

AZSABAH.COM yerli mediaya istinadən xəbər verir ki, on min nəfərə yaxın əhalisi olan Muxax kəndində vəhşi heyvanlar dəfələrlə insanlara hücum çəkib. 

Növbəti hadisə isə dünən səhər saatlarında şagirdlər məktəbə gedərkən baş verib. Belə ki, 2 nömrəli tam orta məktəbə dərsə gedən zaman çaqqal üç şagirdə və iki valideynə müxtəlif bədən xəsarətləri yetirib. Muxax kənd sakini Ramazan Mikayılov bildirib ki, belə hallarla tez-tez qarşılaşırlar. 

"Vəhşi heyvanlara, çaqqala, canavara kəndin küçələrində vaxtaşırı rast gəlinir. Onları kimsə vura, ya öldürə bilməz. Kim vursa, həmin an gəlib onu cərimələyirlər. Bəs onda belə hallara nə deyəsən?" - deyə kənd sakini çıxılmaz vəziyyətə düşdüklərini dilə gətirib. 
Digər kənd sakinləri də məsələnin həlli üçün müvafiq təşkilatlardan kömək istəyib. 

Qeyd edək ki, insanlara hücum çəkən çaqqal son anda sakinlər tərəfindən məhv edilib. Bu gün isə onun başı kənd baytar həkimi tərəfindən kəsilərək laborator müayinə üçün Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, çaqqal hücumuna məruz qalan sakinlərə ilkin tibbi yardım göstərilib, ilk növbədə quduzluq əleyhinə vaksin vurulub, müalicələr təyin edilib və ambulator şəraitdə müalicələri davam edir.