Ağsaqllar Şurası Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pislədi

12.08.2022 14:12
4846
photo_44369952

Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanat verib. Bəyanat Şuranın İdarə Heyətinin avqustun 9-da keçirilən toplantısında qəbul edilib.

AZSABAH.COM bəyanatı təqdim edir:

“Bir neçə gün öncə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu hər bir ölkə vətəndaş kimi, bizi – Azərbaycan ağsaqqallarını da ciddi narahat etmişdir.

Hesab edirik ki, Azərbaycanın uğurlarını, dinamik inkişafinı, xüsusilə də 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni gözü götürməyən antiazərbaycan qüvvələr müxtəlif vaxtlarda olduğu kimi, yenə də ölkəmizə qarşı məkrli niyyətlərini göstərirlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu iğtişaşlardan din pərdəsi altında gizlənərək yararlanmağa can atırlar. Lakin bu təxribatda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, ölkəmizə qarşı yönəlmiş bütün qanunsuz əməllərin qarşısı hər zaman qətiyyətlə alınacaq və onlar öz çirkin məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan yüksək beynəlxalq mövqeyə malik güclü dövlətdir, ölkəmizdə tolerant və multikultural şərait, dinlər və təriqətlərarası səmimi münasibətlər hökm sürür, həmçinin xalqımız Azərbaycanda bu qardaşlıq və dostluq mühitini yaradan, gündən-günə dünya miqyasında nüfuzu artan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir. Buna görə də İslami və digər bütün dini dəyərlərin yüksək qiymətləndirildiyi Azərbaycanın dövlət müstəqilliyinə, ictimai-siyasi sabitliyə qarşı çıxan istənilən qüvvə bu birlik və həmrəylik qarşısında gücsüzdür. Xalqımızı bu cür mənfur əməllərlə qorxutmaq, parçalamaq, hər birimizin qürur və fəxarət mənbəyi olan bayrağımızı endirmək, milli-mənəvi dəyərlərimizi heçə saymaq olmaz.

Respublikamızın tanınmış ictimai-siyasi, incəsənət və mədəniyyət xadimlərini, alim və ziyalılarını öz sıralarında birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, xalqımızın hər bir nümayəndəsi kimi ölkəmizə, onun müstəqillik atributu olan bayrağımıza qarşı bu vandalizm aktını, radikal qüvvələrin törətdiyi bu iğtişaşı qətiyyətlə pisləyərək, baş verən bu hadisələri milli-mənəvi dəyərlərimizə, xalqımıza və dövlətimizə qarşı yönəldilmiş terror və beynəlxalq hüquqa zidd təxribat aktı kimi qiymətləndirir. Ümid edirik ki, tez bir zamanda bu hadisə üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılacaq, təqsirkar şəxslər və onları dəstəkləyən qüvvələr müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri tədbirlər görüləcəkdir. Biz – ağsaqqallar isə bütün xalqımıza, xüsusən də gənclərə səslənərək, onları daha da ayıq-sayıq olmağa, antiazərbaycan qüvvələrin təxribatlarına uymamağa, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə, hər zaman olduğu kimi yenə də dövlətimizin və dövlətçiliyimizin yanında olmağa çağırırıq.” 00:33

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev