ŞOK AÇIQLAMA: “Dini kəbin qadının haqqının tapdalanmasına xidmət edir”

27.02.2024 00:41
225
65dcf78e79ab0202402244150

Azərbaycanda ailə quranlar arasında rəsmi dövlət nikahı ilə yanaşı İslam qaydalarına uyğun olaraq dini kəbin də kəsilir. Kəbinin hüquqi əsası olmasa da buna üstünlük verənlər çoxdur. İnsanlar hesab edirlər ki, dini nikah bağlanmasa ailə qurmaq günahdır.

Azsabah.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri deyib ki, insanlar dini nikah kəsənləri Allahın yerdəki təmsilçisi kimi tanıyırlar:

“Bunun adını indi dini kəbin qoyublar, Peyğəmbərin yaşadığı dövrdə dini kəbin, dünyəvi kəbin və ya dövlət kəbini anlayışı yox idi. Yeganə bir kəbin olurdu, kəbin həmin dövrdə insanların iştirakı ilə həyata keçirilir və bütün ətraf artıq iki nəfərin ailə olduqlarını bilirdi.

Məsələ bundan ibarət idi. Günümüzdə bunu elə bir həddə çatdırıblar ki, dövlət qeydiyyatı, “zaks” anlayışı ola-ola gedib təzədən dini nikah edirlər. Yəni dövlət nikahı dövlət tərəfindən qeydiyyata alınmaq üçün lazımdır, zəruruidir. Dini nikahı isə fikirləşirlər ki, Allah yanında kəsilmiş nikadır. Sanki bunu edən din xadimi, insan da Alalhın yer üzündə təmsil elədiyi və yaxud da təyin elədiyi nümayəndəsidir”.

İlahiyyatçı dini kəbinin qadının haqqının tapdanmasına xidmət etdiyini qeyd edib:

“Yəni İslamda belə bir anlayış yoxdur. Müəyyən bir hadisə, boşanma olanda, indiyə qədər görmüsünüzmü, kimsə o din xadiminin yanına getsin, aliment məsələsi, mülkiyyət bölüşdürülməsi və s. kimi məsələlərdə ona müraciət etsin.

Təbii ki, xeyr. Dərhal müraciət edilməli yer məhkəmələr olur. Onu nəzərə alanda, dini kəbin anlayışı, əslində qadının haqqının tapdalanmağına xidmət edir. Çünki kişi sabah istədiyi kimi hərəkət edir deyə, ona görə də bu gün dövlət nikahı dediyimiz anlayış həm də kəbinin yerinə keçən bir məsələdir”.