“Mənə tapşırıb ki, jurnalistlərə müsahibə vermə” – Əsirlikdən qayıdan Hüseynin anası- ŞOK SƏBƏB

25.02.2024 20:25
443
65db6a6dbcd69202402242725

“1 həftədən çoxdur ki, Hüseyn işləyir, fəhləliklə məşğul olur – yer belləyir, mis-alüminium qəbulu yerində yük boşaldır ki, özünü təmin etsin, kirayə pulumuza kömək olsun. Heç kimə ağız açmaq istəmir. Mənə də imkan vermir, kimdənsə nəsə xahiş edim. Mənə tapşırıb ki, jurnalistlərə müsahibə vermə. Hüseyn gələndən bu günə kimi heç kimə müsahibə verməmişəm, hamıdan imtina etmişəm”.

S

Azsabah.com xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında Ermənistanda hərbi əsirlikdən azad olunan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

HUSEYN SON.png (470 KB)

O bildirib ki, hazırda Biləsuvarda kirayədə qalır, Hüseyn isə Bakıda bacısıgildə yaşayır:

“Bakıdakı evimiz yaşayışa yararsızdır, ona görə də məcburən kirayədə qalırıq. 4 ildir ki, kirayədəyik”.

Şəlalə Axundova oğlunun arzusundan danışıb:

“Hüseyn deyir ki, şəhidlərimizdən, qazilərimizdən artıq oğul deyiləm. Deyir, kaş ki, şəhid gələydim. Deyir, qazilərimizin işə ehtiyacı var, mən gedib fəhlə də işləyə bilərəm, əlim-ayağım var. Amma elə oğullarımız var, əl-ayağı yoxdur.

Oğlum gələndən Biləsuvarda, Lənkəranda, Cəlilabadda 22 şəhid ailəsini ziyarət etmişik. Bu, Hüseynin arzusu idi. Milli Qəhrəmanımız Mübariz İbrahimovun atası Hüseynə xeyir-dua verib. Hazırda Hüseyn işləyir deyə ziyarətə gedə bilmirik, amma ziyarətləri davam etdirməyi düşünürük.

Hüseyn deyir, ilk düşüncəm şəhid analarıdır. Onların oğlu yoxdur, mən varam, onların yanında olmalıyıq”.

Ş.Axundova bildirib ki, 2 gün öncə Hüseyn hərbi komissarlıqdan vəsiqəsini götürüb:

“Amma hərbi biletini hələ verməyiblər. Yəqin ki, hələ hazır olmadığı üçün verilməyib. Deyirlər ki, gözləyin.

Hüseynin müalicəsinə gəldikdə, bununla bağlı heç kim bizə heç nə deməyib. Yanvarda Hüseyn möhkəm xəstələnmişdi, bir neçə gün Biləsuvar xəstəxanasında yatdı. Sonra evdə müalicəni məsləhət gördülər”.

Şəlalə Axundova qeyd edib ki, oğlu 7-ci sinifdən fəhləlik edərək böyüyüb:

“Yük boşaldıb, həyət belləyib, oxuya

bilməyib. Kərbəlanı ziyarət etmək istəyir. Deyir, sağlamlığıma qovuşum, idmanla məşğul olum. Bir arzusu var – deyir, ana, Allah mənə elə iş qismət eləsin ki, sənə baxa bilim, sən xəstəsən, heç olmasa 2 çörək alıb gətirib, səni yedirə bilim”.

TOYU SON .png (219 KB)

Ş.Axundova Hüseynlə Aqşinin ünsiyyətindən də söz açıb:

“Hüseynlə Aqşin bir-birinə qardaş kimidir. Bir gündən bir görüntülü danışırlar, dərdləşirlər. Bir-birinə yaşadıqları hadisələri deyirlər, biz analar da pis oluruq”.

AXUNDOV.jpg (361 KB)

Şəlalə Axundova bütün acılara rəğmən, Hüseynin işıqlı gələcəyinə inandığını bildirib:

“Cənab Prezidentimiz sağ olsun ki, bizə ən böyük mükafatı verib, uşaqlarımızı sağ-salamat qaytarıb. Bundan gözəl hədiyyə yoxdur. Uşağım ömürlük orda qala bilərdi, mən buna dözüb yaşaya bilməzdim.

O gün eşitdim ki, Kamil Zeynallını Ermənistana təhvil vermək istəyirlər, bütün günü diz üstə oturub ağladım, dua etdim ki, onu Ermənistana verməsinlər. O xəbər məni elə həyəcanlandırdı ki… Anamın rəhmətə getməsi, o xəbər…

Mənə dedilər, sənə nə düşüb özünü bu qədər öldürürsən. Dedim, mən istəmirəm ki, Kamilin anası bizim yaşadıqlarımızı yaşasın. Kamilin anası 1 günə dözə bilmirdi. Aqşinin anası ilə mən 8-9 ay dözdük, balamız gəldi. Allah o günləri heç kimə yaşatmasın.

Bizim elə bir Prezidentimiz var ki, daşı da əridə bilər. Seçkilər zamanı o qədər dua edirdik ki, deyirdik, bizə başqa biri lazım deyil. Gələcəyimizi Prezidentimizlə görürük, onunla qürur duyuruq. Prezidentimizin 30 il işğal altında olan torpaqlarımızı qaytarması, bizim uşaqlarımızı gətirməsi onun gücünü sübut edir.

Hüseyn deyir ki, ana, bütün bunları edən cənab Prezidentimiz məni, Aqşini də kənarda qoymayacaq. Deyir, hər şeyin zamanı var, heç kimə heç nə demə, heç bir yerə müraciət etmə. Cənab Prezidentimizin gözəl sözü var – nəyi necə, nə vaxt nə etmək lazımdır, onu mən bilirəm. Oğlum da ona güvənir. İnanır ki, Cənab Prezidentimiz onları kənarda qoymayacaq”.