Şikayətçi bildirib ki, hadisə yerinin yaxınlığında yol polisi olub: “Mən bacardığım qədər sola çəkilmişdim ki, qəza olmasın və o tərəfə yer yox idi. Həmin avtomobil hərəkət etdiyim zolağa daxil olaraq sağ tərəfdən manevr edib qəzaya səbəb oldu. Yol polisi yaxınlıqda idi, sənədlərimizi aldı və Bakı Şəhər Yol Polisi İdarəsinə gəlməyimizi, eyni zamanda sığortanı gözləməyimizi bildirdi. Dayanıb sığortanı gözləyərkən 3 nəfər naməlum şəxs oraya yaxınlaşdı, “Audi”dəki xanımla danışaraq yüksək səslə məni təhqir etməyə başladılar, ünvanıma nalayiq sözlər işlətdilər və onlardan biri gözümə yumruqla zərbə vurdu. Nəticədə dişim sındı. Onlar isə “Toyota Land Cruiser” markalı avtomobilə minərək ərazidən uzaqlaşdılar”.
V.Bayramov əlavə edib ki, hadisə barədə “102” xidmətinə məlumat verib və Yasamal Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, hadisə barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır: “Müvafiq ekspertizalar təyin edilib və ekspertiza rəyinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”.