Zərifə Əlizadə VƏFAT ETDİ - FOTO

24.08.2022 00:11
8906
Vefat

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasya Şurasının Serbiya üzrə əlaqələndiricisi Zərifə Əlizadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

AZSABAH.COM-a bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Zərifə xanımın dəfn mərasimi avqustun 27-də keçiriləcək. O, paytaxt Belqradın Nova Bejaniya məzarlığında torpağa tapşırılacaq.

Bakıda anadan olan soydaşımız Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib.

1989-cu ildən Serbiyada yaşayırdı. Novi Sad Universitetinin Musiqi Akademiyasının professoru idi.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olaraq ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, doğma dilimizi və adət-ənənələrimizi Serbiyada fəal şəkildə təbliğ edir, bu ölkənin mediası vasitəsilə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına çalışırdı.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına, Serbiyadakı Azərbaycan diasporuna və Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!