Zəfər Günü ilə bağlı böyük aksiya

07.11.2022 19:01
1708
yeni ufuq

Qarabağ Seyid Ocaqları və "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə ötən il olduğu kimi, bu il də yüzlərlə şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatları paylanıb.

AZSABAH.COM-un xəbərinə görə, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli Zəfər Günü münasibəti ilə bayram hədiyyələri payladıqları üçün sevincli olduqlarını bildirib: "Çünki Zəfər Günü bayramının əvəzolunmaz mənəvi yükü var. Biz uzun illər idi ki, bu zəfəri gözləyirdik. Şükürlər olsun ki, Uca Yaradana etdiyimiz dualar gerçək oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz zəfər qazandı. Biz bu zəfərin qazanılmasında ordumuza, Prezidentimizə borcluyuq. Rəbbimiz dövlətimizi, vətənimizi, ordumuzu, Prezidentimizi qorusun! Sevincli haldır ki, bayram sovqatı payladığımız həqiqi haqq sahibləri bir ağızdan Prezidentimizə duaçı olmağımızı bizdən istədilər. Biz də hər zaman Qarabağ Seyid Ocaqları olaraq dualarımızla Prezidentimiz İlham Əliyevin arxasındayıq".

"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə hər il olduğu kimi, bu il də yüzlərlə ailəyə bayram sovqatı payladıqlarını deyib: "Artıq 500-dən artıq ailəyə Zəfər Günü münasibəti ilə bayram payı çatdırmışıq. Onların hamısı həqiqi haqq sahibi olan qazi, şəhid, aztəminatlı ailələrdir. Xeyriyyə işləri ilə bağlı Heydər Əliyev Fondunun öncüllüyündə Azərbaycanda böyük işlər görülür. Biz də azacıq da olsa, bu işlərdə yardımçı olmağa çalışırıq. Aksiyanın həyata keçirilməsi  üçün bizə dəstək göstərən "Cənnət" Ət və Ət Məhsulları MMC-yə və xeyriyyəçi dostlara  təşəkkürümüzü çatdırırıq".