Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri VARMI? - RƏSMİ AÇIQLAMA

12.12.2023 20:42
340
65788e4f170ad202312234607

Paytaxta fəaliyyətdə olan ictimai nəqliyyatda yaşı 65-dən yuxarı sürücülərin çalışdığı iddia edilir. Xüsusilə Hövsan qəsəbəsindən Suraxanı marşrutu üzrə hərəkət edən 161 saylı avtobusda yaşlı sürücülərin olduğu bildirilir.

AZSABAH.COM xəbər verir ki, sözügedən məsələ ilə bağlı Bizim.media-ya gileylənən qəsəbə sakinləri həmin marşrutda çalışan sürücülərin yaşlı, bəzilərinin görməsində və eşitməsində problem olduğunu qeyd ediblər. 

Aydındır ki, sərnişindaşımada yaşından asılı olmayaraq sürücünün sağlamlığı önəmlidir. Çünki sürücülərin səhhətlərindəki hər hansı narahatlıq onların özü ilə yanaşı sərnişinlərin də həyatı üçün risk yaradır. 

Bəs 161 saylı marşrutun sürücüləri barədəki iddialar nədən xəbər verir? Ümumiyyətlə, həmin marşrutda yaşlı sürücülər varmı? 

161 saylı marşrutun daşıyıcısı Bəhruz Tağıyev sakinlərin iddiasını əsassız adlandırıb. O, deyib ki, sözügedən marşrut xəttində yaşı 65-dən yuxarı sürücü yoxdur. Sürücülərin səhhətlərinə gəlincə, sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçirlər və daşıyıcı bu məsələyə xüsusi nəzarət edir. 

Digər marşrut xətlərində yaşı 65-dən yuxarı sürücü varmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sayta bildirilib ki, sürücülərin işə götürülməsi səlahiyyəti AYNA-da olmadığı üçün əllərində belə bir statistika yoxdur:

“Sürücülərin yaş kateqoriyası ilə bağlı məsələlər daşıyıcıların tabeliyində olan məsələdir. İşə götürülən sürücülərin yaşı və səhhəti xüsusi diqqətdədir. Xatırladaq ki, Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişindaşımaları ilə “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan, eləcə də avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

“DE” kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan, eləcə də “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub”.