Xəstəxanalar tam hazır vəziyyətdə- Azərbaycan karantinə KEÇİR?

01.12.2023 15:28
339
6569c3b2e581c202312232954

Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVİD-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar.


AZSABAH.COM xəbər verir ki, bu barədə qızılca ilə bağlı ölkədəki vəziyyəti şərh edərək TƏBİB-dən bildiriblər.


Qurumun məlumatına görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir: “Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir”.


Məlumatda həmçinin bildirilir ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.


“Son məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.


Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.


Qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır”.


Qeyd edək ki, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb. 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.


TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb:


“Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.


Xəstəliyin bu qədər geniş arealda yayılması ilə əlaqədar olaraq karantin rejimi elan oluna bilərmi?


Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda karantinə ehtiyac yoxdur: “Karantin rejimi üçün epidemoloji vəziyyətin konkret meyarları olmalıdır. Hazırda ölkəyə lazımi qədər vaksinlər gətirilib, məcburi şəkildə vaksinasiya başlanılmalıdır. Uşaqlar həyatları boyunca qızılcaya görə 2 dəfə vaksinasiya olunur və bu period situasiya nəzərə alınaraq dəyişilə bilər. Həmçinin uşaqlar daha erkən yaşda vaksinasiya olunmalıdırlar.


Xəstəliyə yoluxan uşaqlara dəmirlə zəngin olan hemoqlobin zülalı vurulur. Bu uşaqlar da nəzarətə götürülməli və mümkün qədər onların qızılcaya yoluxmamış uşaqlarla təması aradan qaldırılmalıdır”.


Adil Qeybulla qeyd edib ki, qızılcaya yoluxma halları baş verən məktəblərdə lokal karantin elan oluna bilər: “Burada digər əsas məqam valideynlərin bu işə məsuliyyətlə yanaşmasıdır. Valideynlər maarifləndirilməli, icbari tədbirlər keçirilməlidir. Şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ya sənəd alması zamanı mübadilə kartında onun vaksinasiya olunub-olunmaması ilə bağlı məlumatların əks olunması məsələsinə ciddi yanaşılmalıdır”.

Müsavat.com