ÜST nümayəndəsi buna görə Azərbaycan xalqından ÜZR İSTƏDİ

16.06.2020 10:24
211

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Quba və Qusar rayonlarına səfəri ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib.

AZSABAH.COM-a ÜST-dən verilən məlumata görə, H.Harmancı bildirib ki, sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyir.

"Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.  

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm.

Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, xanım Harmancı sərt karantin günlərində Quba və Qusar meşələrində istirahət zamanı çəkdirdiyi fotoları "Instagram"da paylaşıb. Onun bu paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb

Loading...

close
close