Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib? - RƏSMİ

04.07.2022 21:26
267
photo_55529139

Azərbaycan Müdafiə Nazirliyi məhkəməyə verilməsi barədə məlumatlara münasibət bildirib.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən verilən açıqlamada bu məlumatların əsassız olduğu qeyd edilib.

"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.

Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milləti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - deyə MN-in məlumatında vurğulanır.

Qeyd edək ki, Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verməsi barədə "Halk TV" məlumat yayıb.

Məlumatda bildirilir ki, “Öztek Tekstil” satdığı parçaların pulunu ala bilmədiyi üçün Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib.

Şirkət iddiasında borcun 158 min dollar olduğunu bildirib.

İddiada qeyd olunur ki, şirkətlə nazirlik arasında müqavilə 2015-ci ildə bağlanıb.