Türkiyə ilə Yunanıstan savaşı qaçılmaz olur? - DƏHŞƏTLİ MÜHARİBƏYƏ DOĞRU

04.06.2022 12:21
196
photo_17909781

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Yunanıstan rəhbərliyinin qardaş ölkə əleyhinə siyasətini sərt tənqid edib. Artıq illərdir iki qonşu arasında siyasi-diplomatik gərginlik yaşanır və deyəsən, artıq pik həddə çatıb. Bəs bu gərginlik müharibə fazasına keçə bilərmi?

ABŞ, AB, Britaniya Türkiyəni provokasiyayamı çəkir bölgədə? Ərdoğanı müharibəyə vadar edib, Türkiyəyə sanksiyalar tətbiq edib zəiflədəcəklər? Türkiyə-Yunanıstan savaşının başlaması Qərbə, bölgədəki maraqlarına ziddirmi? Yoxsa bunu fürsət bilib, Türkiyəni zəiflədəcəklər?

AZSABAH.COM xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, növbəti seçkilər ərəfəsində Türkiyəyə qarşı yenə “Yunanıstan kartı”ndan istifadə olunur: “ABŞ başda olmaqla digər dövlətlər Yunanıstandan seçkilər ərəfəsində olan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər. Türkiyənin regional müstəvidə artan nüfuzu, beynəlxalq müstəvidə artan geostrateji mövqeyi ABŞ-ı ciddi narahat edir. Xüsusilə Türkiyənin son illərdə daha çevik siyasət həyata keçirməsi, Rusiya ilə tərəfdaşlığı, Rusiya-Ukrayna müharibəsində fəaliyyəti, şimali Suriyada antiterror əməliyyatlarına başlaması qıcıqla qarşılanır. Buna görə də Yunanıstanı Türkiyəyə qarşı alət kimi istifadə edirlər. Yunanıstan Lozanna konfransına zidd olaraq İngiltərə tərəfindən silahlandırılır və bu da Türkiyənin təhlükəsizliyini təhdid edir”.

Məhəmməd Əsədullazadə:

Məhəmməd Əsədullazadə

Politoloq Afinanın Ankaraya qarşı aktiv şəkildə sərt mövqe sərgiləməsinin müharibəyə gətirib çıxaracağını düşünmür: “Ümumiyyətlə Yunanıstanın Türkiyə ilə müharibə etmək imkanları da yoxdur. Belə bir müharibə Yunanıstan hərbi donanmasının tamamilə məhvi demək olar. Sadəcə Türkiyəyə təzyiq üçün Yunanıstan hərəkətə gətirilib. Türkiyənin Şimali Suriyada antiterror əməliyyatlarına mane olmaq, beynəlxalq müstəvidə artan nüfuzunun qarşısını almaq maraqları görünür”.

Politoloqa görə, belə təzyiqlər Türkiyənin mövqeyini daha da gücləndirəcək: “Şərqi Aralıq dənizində karbohidrogen yataqlarınin istismarı istiqamətində Qərblə, xüsusilə Fransa ilə Türkiyə arasında hətta hərbi toqquşma riski də vardı. Bununla belə Türkiyə mövqeyindən geri çəkilmədi, Fransa bu məsələdə uduzdu. Yunanıstan bu məsələdə uduzacaq. Hesab edirəm ki, Yunanıstanla hərbi toqquşma riski yoxdur. Sadəcə Yunanıstan ABŞ-ın dəstəyi ilə əzələ nümayiş etdirir. Türkiyə zaman-zaman belə ”əzələ” nümayişlərinin şahidi olur. Türkiyə Şimali Suriyada əməliyyatdan sonra Lozanna müqaviləsini əsas tutmaqla Yunanıstanın Egey dənizindəki adalarda silahlanmasının qarşısının alınması, həmin adaların silahsızlaşdırılması üçün hərbi əməliyyatlara başlaya bilər. Belə bir halda Yunanıstanın Türkiyəyə qarşı silah işlətməsi regionda böyük müharibəyə gətirib çıxara bilər. Bu müharibənin nəticəsi indidən bəllidir. Yunanıstan müharibə başlamamış məğlubdur. Yunanıstanın məğlubiyyətini ABŞ və Avropa istəmir”.

Ekspert Türkiyə-Yunanıstan müharibəsinin Rusiyanın dünyada mövqelərinin güclənməsinə gətirib çıxaracağı ehtimalının böyük olduğunu deyir: “Belə bir müharibə NATO-nun parçalanmasına, dünya düzənində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Yəni Rusiya istəyinə çatar. ABŞ isə belə bir ssenarini qəbul etməz. Hazırda sadəcə, ABŞ və Qərb Yunanıstan vasitəsi ilə Türkiyəni provakasiyaya çəkirlər”.

Politoloqun fikrincə, Türkiyəyə sanksiyalar tətbiqinə gəldikdə zaman-zaman belə sanksiyalar olub: “Hazırda isə sanksiyaların götürülməsi istiqamətində addımlar atılır. Böyük Britaniya sanksiyaları aradan qaldırır, ABŞ-la F-16 təyyarələri ilə bağlı razlılaşma əldə olunub. Kiçik sanksiyalar istisna olunmur. Türkiyənin maliyyə bazarına, silah satışına müəyyən kiçik sanksiyalar ola bilər. Geniş sanksiyaların tətbiqini istisna edirəm”.