Təkgözlü zehniyyətdən qorunaq!

13.01.2024 12:48
182
65a24ed794e8e202401245031

“Ürək dolur.

Böyük qəmin, böyük dərdin 

Vüqarı da böyük olur...”

Bəxtiyar Vahabzadə

Dünyamız hər gün bir addım daha böhrana və xaosa doğru sürüklənir. Bir hərc-mərclik fırtınası içərisindəyik, mədəniyyətlər qarşıdurması və mənəviyyatsızlıq anarxiyası tufanındayıq... Vəziyyət o qədər vahiməlidir ki, bu qarışıqlıqdan sui-istifadə edən, özünü sülhsevər həvarilərə bənzədən xaos keşişlərinin məngənəsindən necə qurtulacağımızı da bilmirik. 

Ülvi məfhumlar üzərində oyun oynayan bu ifrit ruhlu varlıqlar hər gün yeni plan və proqramlarla, yıxıcı fikirlərlə saf, təmiz zehinləri kirlədir, əlindəki media vasitələrindən də yararlanaraq millətin övladlarını dəyər yoxsulluğuna uğramağa vadar edir. Manipulyasiya yollarından istifadə edərək insanları mənəvi-psixoloji boşluq çuxuruna, ümidsizlik girdabına yönəldirlər. Bu boşluq bataqlığına yönəltmə xüsusilə millətin ailə, ürf, ənənə, əxlaq kimi dəyərlərini unutdurmağa hesablanıb. Sanki insanlıq üçün dəyərli nə varsa, onların hamısına görünməyən bir savaş elan edilib. Hər şeyi maddəçilik çirkabında görən bu “təkgözlü zehniyyət”in dəllalları evimizin içində belə bizi – varlığımızı, bütünlüyümüzü, müqəddəs dəyərlərimizi təhdid edir. 

Özlərindən başqa hər kəsi haqsız görən, dəyərli olan hər şeyi puç hesab edən, “insan haqları” adı altında Qərbin ruhsuz zalımları və Asiyanın hiyləgər qəddarları körpələri belə qundağında boğan zehniyyətin davamçılarıdır. 

Azuqəsi insan cəsədi olan bu qaniçən varlıqlar öz çağının zirvəsində əyləşib dünyaya ehkam kəsir: işinə yarayanların əli və dili ilə ruhlara kin-küdurət toxumları əkir, həqiqətlə insanlıq arasına pərdələr çəkir. İnsanların yardımlaşmaq, paylaşmaq, əl tutmaq, ehtiram etmək anlayışlarını unutdurmaqla yanaşı, onlara tənhalıq, xəsislik, xəbislik, etinasızlıq, duyğusuzluq kimi insani olmayan məfhumları aşılayırlar. 

Bu ruhsuz materialistlərin xəmiri xəyanətlə, yalanla, hiyləylə yoğurulub. Biznes təfəkkürünü həyatlarının qayəsi bilən, durmadan sərmayə arxasınca qaçan bu istismarçıların ən bariz xüsusiyyətləri fitnə və hiylədir. 

Zamanla bütün insani duyğulardan sıyrılan, kinlə bərkiyən “dünya kapitalı”nı əllərində saxlayan bu varlıqlar ruhlarını iblisə satmış əzazillərdir. Buraya öz millətinin övladlarının haqqına göz dikən, hər şeyə yalnız “alıb-satmaq” zehniyyətiylə baxan möhtəkirlər də daxildir. 

Bunları çox da uzaqda axtarmayın: bu gün uzaqdadır, sabah yaxında, bu gün qonşudadır, sabah sənin evində. 

Bəs qorumağın, qorunmağın yolu nədir, nədən keçir?

Günümüzə qədər, demək olar ki, yaranan bütün fikir və cərəyanların çoxu böhranlar içərisindən doğulub. Maddi və mənəvi ehtiyaclarını ödəmə gücündə olmayan, təbii yolla inkişafını təmin edə bilməyən cəmiyyətlər ya çox vaxt digər yad axınların təsiri altında qalır, ya da qalmamaq üçün çıxış yolları axtarırlar. Var olmaq və ya olmamaq mücadiləsi verirlər, qorumağın və yaxud qorunmağın yollarını axtarırlar. 

Qorumaq...

Qorumaq sevgidəndir... Ümumiyyətlə, ruhlarını sevgiylə yoğuranlar ilahi qoruma altındadırlar. Qorumaq doğruya rəhbərlik missiyasıdır. Qoruma şüuru – kamil insanın yaşam tərzi, elm-irfan sahiblərinin qüdsi xislətidir. 

Yanlışdan, çirkabdan qorumaq – atəşdən qorumaqdır. 

“Yanğın var! Atəş yaman şiddətlidir, yanğın ətrafa yayılacaq. İçində insanlar yanacaq. O, övladın da, qardaşın da, dostun da ola bilər... Yanğına bax! Biri başqasının malına əl uzadır, tut, dayandır. Bir gün çoxluğun malına əl uzadacaq. Yaman yanacaq! Görmürsənmi yalan alovunu, ədəbsizlik alovunu, fitnə alovunu – bürüyüb ətrafı?! Biz yanacağıq, oğlumuz, qızımız, vətəndaşımız üçün ürəyimiz dağlanacaq... Qoyma alovlansın! O sənin əzizindir... O, insandır... xilas et onu, xilas et” (“Füyuzat”dan).

Ədalətdən, işıqdan, nurdan üz döndərmişlərdən millətin övladlarını qorumaq Mərifət Günəşlərinin işidir...

Qorumaq – milli şərəfdir, insani xislətin ən bariz, ən saf, ən təmiz təzahürüdür. 

Qorumaq – ürfünü, ənənəsini, ocağını, ocağının başına yığılanları qorumaq... 

Qorumamaq – müqəddəs davaya xəyanətdir. “Davamız Azərbaycan davasıdır. Bu, tarixi və milli bir davadır”, – deyənlərə, sürgündə şəhadət şərbətini içən, Xəzərin qanlı sularında bolşeviklər tərəfindən ayaqlarına daşlar bağlanaraq boğdurulan, bu ölkə üçün canını verən şəhidlərə xəyanətdir. 

Qorunmaq!..

Qorunmaq peyğəmbəranə bir miras yüklənməkdir, çiyinlərinə yük almaqdır, əcdadımızın mirasına sahib çıxmaqdır. 

Qorumaq da, qorunmaq da milli namusdur. 

Yanlışdan, əyridən, rüşvətdən, haqsızlıqdan, iftiradan, fitnədən qorunmaq. Öncə öz əlini təmiz tut ki, təmizlərin əlini tutarkən o əlləri kirlətməyəsən!.. 

Qorunmaq – bəzən bu uğurda can vermək deyil. Müqəddəs amalı, əmanəti qorumaq üçün, Mirzə Bala Məhəmmədzadə kimi son nəfəsinədək bayraq əmanətini yad əllərə verməmək üçün yaşamaqdır, yaşatmaqdır...

Qorunmaq – Haqqın qarşısında, insanların qarşısında həddi bilməkdir. İlahi ədalətə sığınaraq çalışmaqdır. Qorunmaq – vicdan əzabından qurtulmaqdır. Qorunmaq – insanın təmizliyini bir ömür boyu qorumaqdır, ruhunu sona qədər Ülvi olana bağlı saxlamaqdır...


Mubariz Yunus

“Füyuzat” jurnalının baş redaktoru