Sosial yardımlarla bağlı VACİB YENİ XƏBƏR

08.03.2024 00:11
209
65ea1f66d8f8e202403241118

Vətəndaşlar bildirirlər ki, sosial yardım kartı ilə Trendyol və s. kimi onlayn saytlardan sifariş etdikdə onlar üçün nəzərdə tutulmuş sosial yardım dayandırılır.

Sosial yardım hansı hallarda dayandırıla bilər? Sosial yardımın verilməsi ilə bağlı qanunvericilikdə nə deyilir?

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətindən Referans.az-a açıqlama verilib.

“Onlayn sifarişlər vətəndaşın şəxsi işidir. Ailə gəlir və xərcləri barədə məlumatı ÜDSY müraciət zamanı özü qeyd edir. Həmçinin şəxs kommersiya fəaliyyəti ilə məşğul olduqda da bunu bəyan etməlidir. Lakin sosial yardımın təyin olunmasının şəxsi istifadə üçün onlayn alış-verişlə əlaqəsi yoxdur. Ümumilikdə, onlayn sifarişlərə görə sosial yardımın dayandırılmasından söhbət gedə bilməz”.

Hüquqşünas Ramil Süleymanov sosial yardımın verilməsi ilə bağlı tələbləri və onun dayandırılması səbəblərini saytımıza verdiyi açıqlamada şərh edib.

“Ünvanlı sosial yardımların verilməsi Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı” haqqında qanunu ilə tənzimlənir. Həmin qanunun preambulasında qeyd edilir ki, ünvanlı dövlət sosial yardımının göstərilməsi məqsədi və prinsipləri, o cümlədən, bu sahədə yaranan münasibətləri bu qanun tənzimləyir. İlk növbədə bilmək lazımdır ki, qanun ehtiyacı olan ailələr üçün təyin olunur və qanunun 3-cü maddəsinə əsasən, orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən ailənin ümumi dolandırılması üçün yetməyən ailələr üçün təyin olunur. Eyni zamanda orqanizmin 81-100 faiz pozulmasına görə müəyyən olunmuş şəxslərə təyin olunur. Ailədə 18 yaşına qədər əlilliyi olan şəxslər mövcud olduqda təyin olunur. Ailə tərkibində 8 yaşına çatmamış uşağa qulluq edən ailə başçılarından biri olduqda təyin oluna bilər. Eyni zamanda ailə başçılarından birini itirmiş şəxslər də 23 yaşına qədər əyani formada təhsil alarlarsa, onlara müavinət təyin oluna bilər”.

Hüquqşünas qeyd edib ki, ünvanlı sosial yardımın verilməsinin əsas prinsipi sosial yardımın aztəminatlı ailələrə təyin olunması, orta aylıq gəlirin ailə üzvlərinə fərqlərlə təyin olunması və aztəminatlı ailələrin bərabərliyi prinsipidir.

“Ailənin orta aylıq gəliri gözlənilən məbləğdən aşağı olarsa, yerdə qalan məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Qanunda ünvanlı sosial yardımın təyin olunmasının müddəti 1 ildir. Eyni zamanda bununla bağlı müraciət edən şəxslərin imtinasının əsasları və yaxud da ödənilmənin dayandırılması məhz alış-veriş saytlarından ticarət olunması səbəbindən dayandırılması qanunda göstərilməmişdir”.

Ramil Süleymanov son olaraq vurğulayıb ki, vətəndaşlar onlara təyin olunan ünvanlı sosial yardım dayandırıldıqda bununla bağlı rəsmi müraciət edərək dövlət qurumundan konkret cavab almaq hüququ var.