TƏCİLİ: Əli Əliyev HƏBS EDİLDİ

13.01.2022 16:28
264
photo_38968971

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev xüsusi ittiham qaydasında həbs edilib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir.