Siyavuş Novruzov Ağdərə ilə bağlı elə TARİXİ FAKTLARI açıqladı ki...

05.12.2023 18:27
426
656f33a6b7d62202312232854

Parlamentdəki müzakirələr zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri barədə deputatlara ətraflı məlumat verib.

AZSABAH.COM Musavat.com-un məlumatına  istinadən xəbər verir ki, deputat qeyd edib ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü, qüdrətli, qalib dövlət, Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanınır:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü islahatlar ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün geniş imkanlar yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu, ölkənin suverenliyinin tam bərpasına nail olundu. Bu gün qalib Azərbaycan post-müharibə dövrünün reallıqlarına uyğun strateji fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən həyata keçirilən tədbirlərin yeni regional idarəetmə modelinin yaradılması baxımından əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, nəqliyyat qovşaqlarının bərpası və digər sosialyönümlü layihələrin icrası uğurla davam etdirilir”.

Komitə sədri bildirib ki, bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir:

“Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunaraq, onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının inzibati ərazilərinə verilib. Qeyd etməliyəm ki, 2023-cü ilin sentyabrında aparılan lokal antiterror tədbirləri zamanı Ağdərə azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev cari il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Qanun layihəsinə əsasən, 1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək”.

Daha sonra Siyavuş Novruzov Ağdərə rayonunun tarixən Azərbaycana məxsus olduğunu təsdiqləyən arqument və faktları sadalayıb:

“Ağdərə sözü ərazidəki Ağdərə dərəsinin adı ilə adlandırılıb. Ağdərə toponimi türk dillərində rəng mənasından əlavə, “kiçik, balaca, dayaz, çox dərin olmayan” anlamlarını ifadə edən ağ sözü ilə “iki dağ və təpə arasında çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən yaranıb.

Ağdərə yaşayış məskəninin ərazisi Azərbaycanın tarixi dövlətlərindən olan Qafqaz Albaniyasının (e.ə. IV-e.VII əsrlər) tərkibinə daxil olub. Qafqaz Albaniyasının varlığına son qoyulduqdan sonra bu ərazi Ərəb Xilafətinin (VII-IX əsrlər) tərkibində olub. Xilafət dağıldıqdan sonra isə Azərbaycan ərazisində ilk müsəlman dövlətləri - Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər təşəkkül tapıb. Səfəvilər dövründə (1501-1736) bu ərazi inzibati cəhətdən Gəncə-Qarabağ əyalətinin tərkibinə daxil olub. Nadir şahın (1736-1747) ölümündən sonra Azərbaycan ərazisində xanlıqlar yarandıqda bu ərazi Qarabağ xanlığının tabeliyinə keçib. 1805-ci il may ayının 14-də Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi bağlandıqda bu ərazilər Rusiya imperiyasının tərkibinə daxil edilib”.

Komitə rəhbəri bildirib ki, Ağdərə yaşayış məskəninin əlverişli coğrafi mövqeyini nəzərə alaraq, onun çox qədim tarixə malik olduğunu qeyd etmək olar:

“Rusiya ilə Qacarlar (İran) arasında 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsinə uyğun olaraq, bu əraziyə ermənilərin kütləvi şəkildə köçürülməsi başlanıb. Bu hadisənin 150 illiyi ilə əlaqədar həmin ərazidə yerləşən Marağa kəndində ermənilər tərəfindən abidə də qoyulmuşdu. Köçürülən ermənilərin bir hissəsi Ağdərə kəndində yerləşdirilib və onun adının Madagir (Mardakert) şəklində erməniləşdirilməsinə cəhd edilib. Rusiya imperiyası tərəfindən Şimali Azərbaycanda aparılan inzibati-ərazi bölgüsü nəticəsində 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası təşkil edilib. Quberniyanın tərkibində Cavanşir qəzası yaradıldığı zamanı Ağdərə onun tərkibinə verilib. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və sovet hakimiyyətinin ilk dövründə Ağdərə öz tarixi adını saxlayıb. Azərbaycan SSR-də 1921-ci il kənd təsərrüfatı siyahıyaalması keçirilərkən Ağdərə adı qeydə alınıb.

1923-cü ildə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılarkən Ağdərə onun tərkibinə verilib. Muxtar vilayət tərkibində Cerabert rayonunun tərkibində olub. 17 sentyabr 1939-cu ildə Cerabert rayonu əsasında mərkəzi Ağdərə olan Mardakert rayonu yaradılarkən onun tərkibinə verilib, Ağdərə Mardakert adlandırılıb. Mardakert 29 yanvar 1960-cı ildə şəhər tipli qəsəbə statusu alıb, 27 iyun 1985-ci ildə rayon tabeli şəhərə çevrilib.

Mardakert 1980-ci illərin sonlarından genişlənən erməni separatizminin əsas mərkəzlərindən biri olub”.

Siyavuş Novruzov xatırladıb ki, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən DQMV ləğv edilərkən Ağdərənin tarixi adı da bərpa olunub, Ağdərə respublika tabeli rayona çevrilib:

“Ağdərə rayonu 13 oktyabr 1992-ci ildə AXC-Müsavat hakimiyyəti tərəfindən heç bir əsası olmadan ləğv edilib, Ağdərə şəhəri isə Tərtər rayonunun inzibati tərkibinə daxil olunub”.

Komitə sədri “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini də təqdim edib:

“Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılmasının və istifadəsinin, burada yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkilini şərtləndirir. Layihədə adları sadalanan rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilməklə onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv olunmasından ibarət müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Regional məsələlər komitəsinin iclasında hər iki məsələ geniş müzakirə olunduqdan sonra qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub. Hörmətli Sahibə xanımın tövsiyəsinə əsasən, komitəmizin iclasında məsələlərin müzakirəsində adları çəkilən rayonları təmsil edən deputatlar dəvət olunub və onlar müzakirələrdə dəyərli fikirlərini bildiriblər”.

E.Paşasoy,

Musavat.com