Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşından sonra Bakıya niyə qayıtmışdı?
Kulis.az filosof Rahid Uluselin “Səməd Vurğun 76 yaşından sonra” essesini təqdim edir.
Bizim “şair xalqımızın” uydurduğu miflərdən biri də budur ki, guya Səməd Vurğun 1956-cı ildə 50 yaşında vəfat etmişdir. Doğru deyil. O, ağır xəstələnsə də, “ana südü, dağ çiçəyi” ilə sağala bilmişdi. Yusif və Vaqif Səmədoğlu qardaşları buna şahiddir.
Ölümdən dönən böyük şair əsl yaradıcılığa məhz bundan sonra başlamış, boş ideologiyadan üz döndərmiş, əvvəl yazdıqlarını qapatmış (İsa Muğanna kimi yox, yalnız Səməd Vurğun kimi), qazandığı orden və medallardan, ad və sanlardan imtina etmiş, indən belə o miflərə qarşı mübarizə aparmışdır.
Bir müddət xəlvətcə öz doğma kəndinə – Yuxarı Salahlıya çəkilərək, oradakı evində gözdən-qulaqdan uzaq yaşamış, əsərlərini özü bircə-bircə təhlil edərək oradakı boşluqlardan, patetikadan, mədhiyyəçilikdən dəhşətə gəlmiş, sənəti (yəni İnsanı) məhv edən səbəblərin kökünə varmış, Sözü (yəni İnsanı) danışdırmağın böyük sirlərinə yiyələndiyinə əmin olduqdan sonra üzə çıxmışdır.
76 yaşında, bir ulu Şeyx qüdrətində yenidən Bakıya qayıtmış, vaxtilə akademiki olduğu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində ömrünün sonunadək şərəf və ləyaqətlə çalışmış, ən sanballı əsərlərini də bu dövrdə qələmə almışdır.
Böyük mütəfəkkir İmam Mustafayev, Vəli Axundov, Şıxəli Qurbanovla dostluq etmiş, siyasətin, mədəniyyətin, ədəbiyyatın iliklərinə milli ruhu yeridən qaynaq olmuşdur.
Azərbaycan humanitar elmlərinin bütün potensialını səfərbər edərək, onların gələcək inkişafına əsas verən təməl prinsipləri müəyyən etmişdir. O prinsiplərin başlıca ideyası – dünya sivilizasiyasının üstün dəyərlərini özündə cəmləmiş seçkin bir mədəniyyətə, elmi, fəlsəfi, estetik və ədəbi dünyagörüşünə sahib olduğumuzu dərk edərək, yad nəzəriyyə və ideologiyaların dalınca sürünməmək, epiqonçuluğu tərgitmək və öz kökümüz üzərində özümüzü yaratmaq bahadırlığımızdır.
Dünya ilə nəfəs-nəfəsə dayanmağın, milli varlığından dünyaya saçılmağın necə coşqun bir həyat olduğunu Ustad proqram mahiyyətli monumental əsərlərində – poeziyasından fəlsəfi traktatlarınadək – bütün dərinliyi ilə göstərmişdir.
Qocaman yaşlarında Səməd Vurğun Məhəmməd Hadidən sonra qeyb olan sonuncu şairimizdir.
Ustadın yetmiş-səksəninci illərdəki bütün nikbin proqnozları doğru çıxmışdır:
Azərbaycan müstəqilləşmiş, dünya mədəniyyətinin məbədlərindən birinə çevrilmişdir.
1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində bir az dala getsə də, sonra özünü toparlamış, ildırım sürəti ilə irəli şığımışdır.