“Şəhidləri hansısa məzhəbə aid etmək bölücülükdür”

15.09.2022 18:04
1577
Sehid
“Son günlər qəsbkar ermənilərin törətdiyi təxribatın qarşısının alınmasında şanlı Azərbaycan Ordusunun göstərdiyi fədakarlıq qiyamətə qədər yaddaşlardan silinməyəcək”. 

AZSABAH.COM-a açıqlamasında bu fikirləri Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bildirib. 

Onun sözlərinə görə, torpaqlarımızın müdafiəsində şəhid olan 71 nəfər Qarabağ adına şərəfli tariximizin əfsanəsinə çevrildi: “Bütün şəhid doğmalarına Uca Allahdan səbr, dözüm və yaralı qazilərimizə şəfa diləyirəm! Hər bir şəhidimizin qisası alınıb və qiyamətə qalmayıb. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı bütünlüklə qalib sərkərdəmiz, Qarabağın xilaskarı İlham Əliyevin yanındadır və sıx birlik mövcuddur. Allah istər daxildə, istər xaricdəki milli dönüklərə fürsət verməyib və bundan sonra da verməyəcək. Düşünürəm ki, milli dönüklərin vaxtında ifşa olunması, zərəsizləşdirilməsi tək hüquq mühafizə orqanlarının üzərinə düşən məsələ deyil. Fikir adamları, vətəninə bağlı olan hər bir insan onların ifşa olunmasında müstəsna rola sahib olmalıdır. Çünki bu Vətənin və onun uğrunda canını fəda etmiş şəhidlərin haqqıdır.”.

O vurğuladı ki, şəhid dəfnlərində səsləndirilən şüarlar birliyə, vəhdətə səsləməlidir və dini ilə milli kimliyi üz-üzə qoymamalıdır: “Düşünürəm ki, təfriqə yaradacaq, tolerantlığa zidd olacaq, qardaşlığı pozacaq çağırışların xüsusilə belə yerlərdə səsləndirilməməsinə çalışmalıyıq. İmana silah kimi sarılan şəhid hərbiçilərini hansısa bir məzhəbə aid etmək bölücülükdür, dinin vəhdət prinsiplərinə ziddir. Çünki hər bir şəhid öz imanı, vətənpərvərliyi ilə torpaqlarımızın müdafiəsi uğrunda şəhadətlik zirvəsinə ucalıblar. Onu da qeyd edim ki, Peyğəmbər və onun Əhli-Beytinin adını istismar etməyin özü də bağışlanmazdır”.

C.Əzimbəyli qeyd etdi ki, şəhid dəfnləri dövlətin hazırladığı xüsusi qaydalar əsasında həyata keçirilməlidir: “Hətta belə mərasimlərdə İlahiyyat İnstitutunda dövlətinə bağlı, təfriqədən uzaq mənəviyyat adamlarının çıxışları təşkil olunmalıdır ki, başqaları şəraitdən istifadə edərək bölücü çıxışlar etməsinlər. Bu bəlkə də milli təhlükəsizliyimizin mühafizə olunması qədər vacib olan məsələdir”.