“Şəhadət orucu”, yoxsa intihar?

23.06.2022 13:31
93
photo_38953382

Son günlərdə həbsxanada bəzi şəxslərin guya polis tərəfindən Allah-taalanın təhqir olunması səbəbilə aclıq aksiyasına başladıqlarını təəccüblə izləyirik. Təəccübümüzün bir neçə səbəbi var. Bunlardan birincisi budur ki, bu insanlar məhz hansı polisin və ya məmurun Allahı təhqir etdiklərini nə deyə bilirlər, nə də ki bunun üçün əsaslı sübut gətirirlər. Bu hal insanın ağlına Qurani-Kərimin Hücurat surəsinin 6-cə ayəsini gətirir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ

Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!

Təəssüf ki, inanclı insanlarımızın içindən də doğruluğunu yoxlamadan bu xəbəri soruğusuz-sualsız qəbul edənlərə rast gəlirik. Hadisəyə soyuqqanlı baxanda bu xəbəri çıxaranların kimin və kimlərin dəyirmanına su tökdükləri bəllidir. Azərbaycanın Vətən Müharibəsindəki qələbəsi, dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və qayğı prinsipi üzrə inkişaf etməsi bəzi dairələri narahat edir. Məhz buna görə də belə şayiələri yayırlar ki, dövlətimizi və dövlətçiliyimizi ölkəmizdəki və ölkə xaricindəki inanclı insanların gözündən salmağa cəhd etsinlər. Amma Allaha şükürlər olsun ki, möminlərimizin böyük əksəriyyəti şayiə xarakterli belə xəbərlərə inanmır. Çünki onlar yaxşı bilirlər ki, əvvəllər də bənzər səpkidə uydurma xəbərlər ortaya atılmış və hamısının yalan olduğu üzə çıxmışdı. Həzrət Peyğəmbər (s) لا يُلدَغُ المؤمنُ من جُحْرٍ مرتين - Mömin eyni dəlikdən iki dəfə sancılmaz” hədisi-şərifi ilə möminin ikinci dəfə aldanmayacaq qədər ağıl və fərasət sahibi olduğunu bəyan etmişdir. Bu hədisi-şərif həmçinin bizi bir dəfə aldadılmışıqsa, ikinci dəfə aldanmamaq üçün diqqətli olmağa dəvət edir. Gəlin bəsit məntiqlə düşünək: Peyğəmbəri-Əkrəmin (s) Hindistandakı hakim partiyanın nümayəndələri tərəfindən təhqir edilməsinə Hindistan səfirini Xarici işlər Nazirliyinə çağıraraq etirazını açıq şəkildə bildirən Azərbaycan hakimiyyəti hansısa bir polis məmurunun Yaradanımız haqqında işlətdiyi nalayiq ifadələrinə göz yumarmı? Bunu hansı məntiq qəbul edər?!

Təəccübümüzün ikinci səbəbi isə İslam şəriətində olmayan bir terminin dini bir məfhum kimi təqdim olunmasıdır. Bildiyimiz kimi, “aclıq akiyası”, “aclıq orucu” kimi terminlər və davranışlar Qərb ölkələrində yaranmışdır. İslam tarixində və şəriətində isə belə terminlər 20-ci əsrə qədər ümumiyyətlə bilinməmiş və müzakirə edilməmişdir. Özlərini İslam təəssübkeşi və hətta Qərb dəyərlərinin İslam dünyasında yayılmasından narahat olan insanlar kimi təqdim edənlərin Qərbdəki anlayışların əvvəlinə “şəhadət” kəlməsini artıraraq “müsəlmanlaşdırmaları” həqiqətən çox heyrətamizdir. Halbuki “şəhadət orucu” anlayışı nəinki pak şəriətimizdə mövcud deyil, hətta haram bir əməldir və intihara bərabər tutulur. Gəlin, mövzunu şəriət nəzərindən araşdıraq.

Rəsuli-əkrəm (s) dövründə “vüsal (visal) orucu” adlı bir oruc növü var idi. Vüsal orucunun mahiyyəti bundan ibarət idi ki, insanlar iftar etmədən sübh azanından ertəsi günün səhərinədək bir sutka və ya bir neçə gün oruc niyyəti ilə ac qalardılar. Peyğəmbərimiz (s) məhz insan sağlamığına zərər verdiyi üçün bu orucu qadağan etmişdi. Diqqət edin, sağlamlığa zərər verməsi və ölümlə nəticələnmə ehtimalı olduğu üçün Peyğəmbərimiz (s) və Əhli-beyt imamları (ə) bunu qadağan etmişdilər. Məhz buna görə şəriət kitablarında visal orucu qadağan oruclardan sayılmışdır. Əllamə Hilli özününü məşhur “Təzkirətül-füqəha” adlı əsərində bu barədə belə deyir: “Alimlərimizin nəzərində Vüsal orucu haramdır” (Əllamə Hilli. Təzkirətül-füqəha. Qum, 1415, c.6, səh. 210). Bu gün də müasir İslam alimləri şəriət kitablarında, risaleyi-əməliyyələrdə Vüsal orucunu “haram oruclar” başlığı altında verirlər.

Gəlin düşünək, insan sağlamlığına zərər verdiyi üçün Vüsal orucunu qadağan edən bir şəriət, insanı ölümə aparan bir “oruc”u qəbul edərmi? Belə aclığın adının “şəhadət orucu” adlandırılması şəriətimizin heçə sayılması deyilmi? İnsanın günlərlə ac qalaraq öz canına qəsdən qıyması şəri nöqteyi-nəzərdən intihar deyilmi? Üstəlik bu insanlar müasir dövrün böyük mərcelərinin istiftaatlarında bununla əlaqəli verilən sualların cavablarını oxumayıblarmı? ( Məsələn: Siratun-nəcat fi əcvibətil-istiftaat. Seyyid Xoi (Mirzə Cavad Təbrizinin təliqi ilə), İran, 1417, c. 2, səh. 558)

Bütün müctəhidlərin nəzəri belədir ki, əgər belə bir aclıq insanı ölümə və ya sağlamlığının itirlməsinə aparıb çıxaracaqsa, bu haramdır və özünəqəsd hesab olunur. Bunu bildiyi halda, mömin olan şəxs necə iddia edə bilər ki, şəriətimzidə “şəhadət orucu” deyilən bir oruc növü var? İnsanı həm də o heyrətə gətirir ki, bəzi din xadimi kimi tanınan şəxslər çıxıb açıqca “dinimizdə bu əməl haramdır” – demirlər. Niyə? Əzizlərim, dinimizin hökmlərini insanlara çatdırmaq bizim vəzifəmizdir. Füruüddinin on əsasından ikisi “əmr bil-məruf və nəhy ənil-münkər”dir. Yaxşılığı tövsiyə edib, pislikdən nəhy etmək şəri vəzifəmizdir. Kim olursa olsun, ayeyi-şərifədə buyurulduğu kimi, bir insanın həyatını xilas etmək bütün bəşəriyyəti xilas etməkdir. Bilə-bilə özünü ölümə və həlaka aparan bir şəxsə “Yaxşı edirsən, biz səni dəstəkləyirik” deyənlərədir sözüm: Cənablar Allah dərgahında böyük günah işləyirsiniz. Ədalətli olun! Bəzi dövlət məmurlarına qarşı olan kininiz, ədavətiniz sizi ədalətli olmaqdan uzaqlaşdırmasın. Necə ki, Allah-Təala Maidə surəsinin 8-ci ayeyi-kəriməsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!

 

 

Seyid Camal Əzimbəyli

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas,

"Space" telekanalında yayımlanan "İnam" verilişinin ideya müəllifi və aparıcısı