Rusiyadan Qarabağla bağlı KRİTİK AÇIQLAMA: Sülhməramlılar bu tarixdən etibarən...

14.09.2022 15:40
40093
Sulhmeramli
Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.

AZSABAH.COM-un APA-ya məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

"Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Bununla yanaşı avqustun 30-dan etibarən Laçın şəhərindən və zona daxilində yerləşən digər yaşayış məntəqələrindən yan keçən köhnə dəhliz yolunun təhlükəsizlik zolağında yerləşən müvəqqəti marşrutla hərəkət həyata keçirilir”,-deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb: "Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər".

Onun sözlərinə görə, həm Bakı, həm də İrəvan o mövqedən çıxış edirlər ki, Laçın dəhlizi ətrafında bütün məsələlərin həlli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun aparılmalıdır.