Rusiyanın Qarabağla bağlı SENSASİON PLANI ÜZƏ ÇIXDI - ŞOK DETALLAR

16.02.2022 18:32
403
photo_67925550

Birləşmiş Ştatların prezidenti Co Bayden 16 fevralda – yəni bu gün Rusiyanın Ukraynaya hücum edəcəyini bildirmişdi. Amma hələ ki, ortada heç nə yoxdur. Bundan başqa, Kremlin planlarında genişmiqyaslı deyil, lokal müharibələrlə Mariopolu Rusiyaya ilhaq edəcəyi vurğulanır. Sülh, yoxsa müharibə? İndi hər kəs bu suala cavab axtarır. Üstəlik, Rusiyanın “neo-SSRİ”planlarında başqa məqamların da yer aldığı bildirlir. Üstəlik, Rusiya “Ermənistan” kartı ilə Azərbaycana qarşı da müəyyən gedişlərin edəcəyini düşənənlər var.

AZSABAH.COM xəbər verir ki, politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində bildirib ki, Rusiya Mariopolu tutmaqla Ukrayna ərazisində yeni bir dövlət yaratmaq istəyir. 

Müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, ABŞ prezidenti 16 fevralda müharibə olacağını demişdi. Bu gün 16 fevraldır və hələ də Rusiya və Ukrayna arasında savaş başlamayıb. Ümumiyyətlə, müharibə olacaqmı?

- Yox, müharibə olmayacaq. Buna baxmayaraq, ötən gün Rusiyanın Dövlət Duması aqressiv bir qərar çıxardı. Rusiyalı deputatlar qondarma Luqansk və Donetsk respublikalarının tanınması məsələsini qaldırdılar. Hətta onu prezidentə təqdim elədilər. Hələ ki, Rusiya prezidenti Vladimir Putinin həmin sənədi imzalayacağına inanmıram. Amma vaxtilə Rusiya belə bir fürsətdən Gürcüstanda istifadə edib. Bu, 2008-ci ildə baş vermişdi. Amma bunun davamı gəlsə, təkcə Ukrayna üçün deyil, həm də Azərbaycan üçün çox ciddi təhlükə yaradacaq. Rusiya bütün bu oyunları ona görə qurdu ki, informasiya müharibəsində Birləşmiş Ştatları və Qərbi çətin vəziyyətdə qoysun. Moskva bunu da bacardı. Rusiya Ukrayna ilə müharibəyə girməyəcək.

- Nə üçün? Müharibə etməyəcəkdisə, bütün bunlar nəyə lazım idi?

- Axı Rusiya Ukrayna ilə niyə müharibəyə girsin?! Moskva onsuz da istədiyini eləyib. Krımı Ukraynadan alıb. Qeyri-qanuni olaraq ilhaqına nail olub. Bu, öz yerində, digər tərəfdən, Donetsk və Luqanskı da artıq səkkizinci ildir ki, öz nəzarətində saxlayır. Rusiya hansı siyasəti istəyirsə, orada həyata keçirir. Əslində torpağını azad etmək məsələsini Ukrayna irəli sürməlidir. Ukrayna Azərbaycan kimi müharibəyə hazırlaşmalıdır, bundan sonra öz torpaqlarını işğaldan azad etməlidir. Bütün bu ssenarilər həm də Rusiyanın maraqlarına xidmət göstərir. Onsuz da Vladimir Putin öz iddiasından əl çəkmir. Yenə də Qərbdən yazılı zəmanət istəyir. Kreml danışıqlarda yenə də həddən artıq aqressivdir. Eyni zamanda, öz-özlüyündə Dövlət Dumasının qəbul elədiyi qərara bir növ haqq qazandırdı. Hətta Konstantiv Kosaçev bir az da irəli getdi. O bildirdi ki, onsuz da bu varinatın hər ikisində Vaşinqton üstün görünəcək, müharibə olmasa belə, bu variantların hər ikisində ABŞ deyəcək ki, məndən qorxuduğu üçün Rusiya müharibə eləmədi, biz onu müharibə etməyə qoymadıq. Hətta Rusiya müharibə eləsə də biz deyəcəyik ki, - Kasaçev Amerikanın dilindən danışır – biz bunu bəyan edirdik, bizi eşitmirdiniz. Ona görə də Amerika tərəfindən elə bir variant seçilib ki, hər iki halda Rusiya mənfi mövqedə qalır. Mən inanmıram ki, indiki şəraitdə Rusiya Ukrayna ilə müharibəyə başlasın. Əvvəla, Rusiyaya müharibə lazım deyil, çünki Kreml istədiyini əldə eləyib. İkincisi, Rusiya müharibəyə başlasa, ona qarşı olan iqtisadi sanksiyalar daha da dərinləşəcək. Üçüncüsü, Rusiyanın daxilində çəkişmələr artacaq. Çünki hərbi elita istəməsə də, bunu müəyyən qüvvələr istəyir. Tarix boyu Platon, Heraklitdən üzü bəri mütəfəkkirlərin heç biri müharibələri qəbul eləməyib. Hətta Platon bir qədər də irəli gedərək söyləyir ki, müsbət bir şey deyil, çünki müharibədə atalar oğulları dəfn eləyir, dinc şəraitdə isə bu tərsinədir. Ona görə Rusiya da başa düşür ki, müharibə baş verərsə, onun özündə də daxili çəkişmələr başlayacaq. Beləliklə, Rusiya dağılacaq. Ona görə də Kreml bir tərəfdən Ukraynanı qorxuzur, digər tərəfdən, onun nəbzini yoxlayır. Yəni, Ukraynanın müharibəyə hazırlıq səviyyəsini... 

- Sizcə, Ukrayna Rusiya ilə müharibəyə hazırdırmır?

- Bunu açıq etiraf etməliyik; görünən odur ki, Ukrayna Rusiya ilə müharibəyə hazır deyil. Müharibə aparmaq iqtidarında da deyil, bunu hər kəs gördü. Hətta müharibəyə başlasa, tamamilə uduzacaq. Bu, birmənalıdır. Rusiyanın məqsədi Xarkovu, Kiyevi tutmaq deyil. Moskvanın əsas məqsədi Mariopolu ələ keçirməkdir. Yəni, Azov dənizini birmənalı şəkildə Ukraynanın nəzarətindən çıxarmaqdır. Biz bunu yaşamışıq. 30 ilə yaxın idi ki, Qarabağ da bizim nəzarətimizdə deyildi. Görün, Qarabağı nə günə qoyublar ki, il yarımdır ki, müharibə qurtarıb, biz hələ də azad olunan əraziləri minalardan təmizləyə bilmirik. Bərpa prosesi hələ bir neçə il davam edəcək. Bu prosesləri Azərbaycan yaşayıb. Müharibə baş versə, ruslar birbaşa Mariopola çıxacaqlar, oranı götürəndən sonra Krımla Dombas arasında quru əlaqəsi qurulacaq. Azov dənizini də bütünlüklə Ukraynanın əlindən alacaqlar. 

- O zaman belə çıxır ki, lokal müharibə olacaq?

- Əgər Ukrayna məsələsi ciddiləşsə, bəli. Rusiyanın şimala ordu yığmasına baxmayın, ruslar cənubdan hücum edəcəklər. Rusiyanın əsas məqsədi Donetsklə Krım arasında qalan 40 kilometrlik məsafəni – quru zolağı ələ keçirməkdir. Beləliklə, Krımı Donetskə birləşdiriləcək. Ola bilər ki, gələcəkdə bu iki ərazini birləşdirib bir respublika elan eləsinlər. Çünki onsuz da onlar oraya “nova-Rossiya” deyirlər. Bu da o deməkdir ki, “Yeni Rusiya” dövlətinin yaradılmasını gündəmə gətirirlər. Orada yaşayan vətəndaşlara da Rusiya pasportu verirlər. Hətta 70 minə yaxın insan Rusiya pasportu alıb. Həmin ərazilərdə yaşayanların çoxu vaxtilə Rusiyadan buraya işləməyə gələn fəhlələrdir. Rusiya bu amildən çox yararlandı. Eyni zamanda, Donetsk Ukraynanın əsas gəlir mənbələrdən biridir. Ukraynanın gəlirinin hər 5 qrivenindən biri Donetskdən gəlirdi. Üstəlik, Ukrayna əhalisinin cəmi 10 faizi orada yaşayır. Dombas və Luqanskda yaşayanlar üçün şərait də, dolanışıq da çox yaxşıdır. Rusiya onlar üçün nə lazımdırsa, yaradacaq. Artıq oradakı ukraynalılar da Rusiya vətəndaşlığı almağa başlayıblar. Rusiya hələlik Ukraynanı ilk sınaqdan keçirdi. Gördü ki, Ukrayna müharibəyə hazır deyil. Ümumiyyətlə, belə bir iqtidarı da yoxdur. Kiyevin nəyinə lazımdır ki, heç nədən müharibəyə girsin?! Ona görə də yaxın müddət ərzində Rusiya-Ukrayna müharibəsini görmürəm, proqnozlaşdırmıram. 

- Yuxarıda qeyd etdiniz ki, qondarma Luqansk və Donetsk respublikalarının Rusiyanın Dövlət Dumasında tanınması Azərbaycan üçün də təhlükə yarada bilər. Axı, rəsmi Bakı deyir ki, Qarabağ müharibəsi tarixdə qalıb. Belə olan halda Dumanın Qarabağdakı separatçıların da “müstəqilliyini” tanıması nə dərəcədə inandırıcıdır?

- Rusiyanın Dövlət Duması birmənalı şəkildə qanun qəbul edib ki, dünyanın harasında olursa olsun, Rusiya öz vətəndaşlarının təhlükəsizliyini təmin eləməlidir. Deməli, Qarabağda da müəyyən proseslər gedir və hələlik bizdə həmin proseslərə bir o qədər də reaksiya verilmir. Həm Ermənistan mətbuatında, həm də ermənilər arasında belə bir informasiya dolaşır ki, -bu, erməni saytlarında da var – keçmiş Dağlıq Qarabağın ərazisində, ən çox Xankəndidə yaşayan erməni qızları rus əsgərləri ilə nikaha girirlər. Beləliklə, onlar nikaha girərək Rusiya vətəndaşlığı alırlar. Bir-iki aydan sonra onların nikahları pozulur, amma həmin erməni qızların Rusiya vətəndaşlıqları qalır. Bilmək olmur, bəlkə də bir rus əsgəri bir neçə erməni qızı ilə 3-5 aylıq saxta nikahlar bağlayacaq, onlar haqqında – saylarının nə qədər olması ilə bağlı  bizdə məlumat yoxdur. Amma onlara Rusiya vətəndaşlığı veriləcək. Onlar çalışacaq ki, rus ordusu Xankəndidən çıxmasın. Ona görə də Araik Arutyunyanı bizə vermirlər. Hətta tez-tez Şuşa və Hadrut xülyalarından bəhs edirlər. Bəli, bu çox təhlükəli presedentdir. Yəni istənilən vaxt bunu bizə qarşı da tətbiq edə bilərlər. Çünki bunun üçün artıq “presedent” var. Amma bir şey var ki, bu məsələdə Rusiyanın addımlarını gördü və Türkiyə ilə çox sakit formada Şuşa Bəyannaməsini imzaladı. Bu bəyannamə artıq Azərbaycanda və Türkiyədə ratifikasiya olunub. Hətta prezidentlər tərəfindən də imzalanıb. Bu o deməkdir ki, Azərbaycan və Türkiyənin ittifaqı var. Əgər Rusiya belə bir addımı bizə qarşı atarsa, o zaman bu ittifaq daxilində məsələyə müdaxilə ola bilər. Necə ki, Naxçıvanı 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsi –Atatürk müqaviləsi – ilə qoruyurdular. İndi də Qarabağı və Azərbaycan əraziləri Əliyev-Ərdoğan duetinin imzaladığı müqavilə ilə qorunacaq, beynəlxalq hüquq da bunu qəbul edir. Çünki hər bir ölkənin ratifikasiya etdiyi istənilən məsələni beynəlxalq hüquq da tanıyır. Ruslar istəyir ki, bizim müvvəqqəti dediyimiz sülhməramlılar orada daimi qalsınlar. Bu mənada onlar bizə problem yarada bilərlər. Rus ordusu Xankəndidə sülhməramlı missiyadan başqa hər şeylə məşğuldurlar. Ona görə də bu kimi problemləri ruslar mütəmadi olaraq bizim üçün yaratmağa çalışırlar. Onu da deyim ki, İlham Əliyev çox ağıllı və uzaqgörən, həddindən artıq evristik siyasət yürüdür. Azərbaycan dilində buna tapıntılı siyasət, tapıntılı idarəetmə də demək olar. İdarəetmənin üç növü var: tipik, struktur və evristik. İnanıram ki, İlham Əliyev Qarabağ məsələsini ustalıqla həll etdiyi kimi, bu məsələni də həll edəcək. Sadəcə olaraq bir qədər səbr etməliyik. Hələlik Rusiyanın başı Ukraynaya qarışsa bir o qədər yaxşıdır. 

- Son günlər ermənilərin təxribatlarının istiqaməti dəyişib. Əvvəl Şuşa, Xocavənd tərəfdə, dövlət sərhədinin Kəlbəcər istiqamətində atəşkəsi pozurdular. Bu dəfə isə istiqamət dəyişdi. Daha çox Qazax və Tovuz istiqamətində təxribatlar törədildi. Ermənistan bu təxribatlarla hansı mesajı vermək istəyir? Bəs rəsmi Bakının bu cür təxribatlara cavabı nə olmalıdır? 

- Əslində bu təxribatlarda Ermənistanın heç bir mesajı yoxdur. Bu, Rusiya hərbi kəşfiyyatının Azərbaycana ismarışıdır. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması məsələsi var. Qafan ərazisində, Zəngilanla Qubadlının sərhədində ermənilər təxribatlar tərədəndən sonra Gümrüdə olan rus ordusunun bir hissəsini oraya yerləşdirdilər. Rusiya ona görə bunu edir ki, Azərbaycan həmin kəndləri geri alacaq. Bu, birmənalıdır. Beləliklə, Ermənistan bütün nəqliyyat strukturu avtomatik olaraq bağlanır. Ermənistan bu yolla Gürcüstan və Rusiyaya çıxa bilirdi. Həmin yol bağlanandan sonra Kalino rayonu ilə Dmanisidən çıxış problemə çevriləcək. Çünki dağ yoludur, həm də bu yolla Rusiyaya gedib çıxmaq problemlidir. Məsafə də uzundur. Ermənistan maşınları, nəqliyyat vasitələri Abxaziyadan keçməlidir, buna da Gürcüstan imkan vermir. Ona görə də Rusiya çalışacaq ki, Tovuz və Qazax bölgəsində təxribatların sayı çoxalsın. Bu təxribatları törədənlər isə Rusiya vətəndaşı olan erməni kökənlilərdir. Onlardan həm Ermənistan ordusunda, həm də Qarabağda var. Qarabağda Azərbaycanın siyasi iradəsini yoxladılar, burada uğursuzluğa düçar oldular. İndi istiqaməti Qazaxa dəyişiblər ki, Azərbaycan həmin ərazilərə iddiasını təmin eləməsin. Eyni zamanda, əgər Azərbaycan orada hər hansı anti-terror əməliyyatını həyata keçirsə, avtomatik olaraq Rusiyanın çıxışı bağlanır. Bu çıxışı bağlamamaq, ölkəmizi daimi olaraq təzyiq altında saxlamaq üçün bu cür təxribatlar davam edəcək. Burada Rusiya ilə yanaşı, Fransa faktorunu da nəzərdən qaçırmaq lazım deyil. Mənə elə gəlir ki, Novruz bayramından sonra bu cür təxribatların sayı sıfıra enəcək. Çünki Rusiya çalışır ki, həm Paşinyanı əlində saxlasın, həm də Fransa və Rusiya bu işdən yararlansın. Eyni zamanda, Azərbaycandan başqa bir nəsə istəsin. Ona görə ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Rusiya bu dəhlizə maraq göstərsə də, hələlik başqa imkanlarını gözdən keçirir. Ermənistanın bütün dəmiryolu infrostrukturu Rusiyanın Dəmiryolu İdarəsinə tabedir. Rusiya oranı tammilə alıb. Yəni, Ermənistanda bütün nəqliyyat infrastrukturu bütünlüklə Rusiyanın əlindədir. Rusiya onun əvəzində Azərbaycandan nəsə qoparmaq istəyir. Ona görə də Moksva hər yerdən təzyiq göstərir ki, Bakı onlarla razılaşsın. 

- Belə çıxır ki, Moskva Bakı ilə bağlı nələrisə düz hesablamayıb?..

- Görünən odur ki, onlar İlham Əliyevin bu qədər ağıllı siyasət aparmasını gözləmirdilər. İndi Rusiyanın bütün hərbi, siyasi elitası çalışacaq ki, Azərbaycana bu və ya digər formada siyasi və hərbi təzyiqlər göstərsinlər. Bu da ancaq təxribatlarla mümkündür. Ölkəmizin daxlindəki siyasi sabitlik dayanıqlıdır. Bunu pozmaq həddən artıq çətindir. Onu yoxlamadan da keçiriblər. Çalışacaqlar ki, sərhəddə təxribatlara əl atsınlar. Həm də ona görə Qazax istiqamətindən təxribata əl atırlar ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə girə və KTMT-nin 4-cü maddəsi işə düşə. Çünki iyun ayına qədər KTMT-yə Ermənistan sədrlik edir. Bu, o deməkdir ki, Rusiya bu yolla Paşinyanı da hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Ermənistanı ayağa qaldıracaqlar ki, sizin rəhbəriniz satqındır, Azərbaycanın hərəkətlərinə cavab vermir. Yəni, burada çoxşaxəli və çoxistiqamətli oyunlar gedir. Bunlar taktiki oyunlardır. Biz səbr və ağılla bu oyunlara yanaşmalıyıq. Azərbaycanın xarici siyasətində mən yanlışlıq görmürəm. Çox yüksək səviyyədə dəstəkləyirəm və qəbul edirəm. Bu cür davam edəcək və Azərbaycan informasiya müharibəsindən də qalib çıxacaq.