"Qarabağ"ın uğurlarının sirri nədə gizlənir? - Qurban Qurbanovun "sağ əli" açıqladı

25.02.2024 20:35
324
65db6c63e9a70202402243547

Elçin Rəhmanov – “Qarabağ”ın gizli qəhrəmanlarından biri və ya Qurban Qurbanovun ən yaxın adamı.

O da 15 ildi “Qarabağ”ın Avropadakı zəfər yolunu Qurban Qurbanovla çiyin-çiyinə addımlayır.

Ötənlərin məşhur futbolçusu meydanda olduğu kimi, meydandan kənar - Qurbanovun məşqçilər korpusunda da sakit xarakteri ilə tanınır.

Amma Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə cavab görüşündə bolqarıstanlı hakim verdiyi qərarlarla hər kəs kimi onun da əsəblərini tarıma çəkməyi bacardı.

Və alışmadığmız emosionallıqla baş hakimin qərarına etiraz edən təcrübəli mütəxəssis qarşısında qırmızı vərəqə gördü.

Qarşılaşmadan sonra "mix-zona"da futbolçulardan çox, gözüm Rəhmanovu axtarırdı.

Meydanda sakitliyini pozan adam, bəlkə mətbuata danışmamaq kimi şakərindən də əl çəkər deyə.

Tarixi qələbə ilə bağlı qarşılıqlı təbrikləşmədən sonra danışmaq müraciətimə yenə alicənablıqla “yox, qalsın sonraya” – dedi.

Lakin müəyyən isrardan sonra qısaca da olsa danışa bildik.

- Nəfəsləri kəsən matçla bağlı nələri bizimlə bölüşə bilərsiniz?

- O qədər emosional oyun idi ki, danışmaq bir az çətindir. İlk öncə azarkeşləri, futbol ictimaiyyətini və bizə inanan hər kəsi təbrik edirəm. Möhtəşəm qələbə oldu. Azarkeşlər möhtəşəm idi. Bir də uğurun səbəbkarları olan futbolçulara minnətdaram. Hər birini bağrıma basıram, öpürəm. Nələri vardı bu gün meydanda artıqlaması ilə qoydular. Hər birinə halal olsun.

- Bolqarıstandan olan hakimlər briqadası sizin kimi sakit təbiətli birinin belə bu axşam əsəblərini tarıma çəkməyi bacardı…

- Hakimlərdən danışsaq bir az düzgün çıxmaz. Amma belə oyunlarda bəzən emosiyalara qapanırsan. Oyunun yükü çox böyük idi. İnsan özünü hərdən saxlaya bilmir və özündən çıxır. Olur belə şeylər də (gülür). Əsas odur ki, şükür olsun sonluq yaxşı oldu.