Qar, çovğun, şaxta: Bizi ən sərt qış gözləyir?

19.12.2023 10:09
1776
658133bc4fbd3202312231004
Dünyanın iqlimi təsirli dərəcədə dəyişib. Rusiyada sərt qış havası hökm sürür. Növbəti fəsil hələ qədəmini qoymadığı halda, bir çox bölgələrdə şaxta 80 dərəcəyə çatıb. Sinoptiklər Rusiyadakı hava şəraitinin 145 ilin ən sərt qışına işarə etdiyini bildirirlər. Qonşu ölkədəki soyuq hava axınları Azərbaycana da təsir edəcəkmi?

Meteroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında uzunmüddətli hava proqnozlarının özünüdoğrultma ehtimalının, adətən, çox aşağı olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyada havanın kəskin soyuqluğuna əsaslanıb Azərbaycan üçün proqnoz vermək doğru olmaz:

"Çünki respublikamızın yerləşdiyi coğrafiya və iqlim şəraiti tam fərqlidir. Hazırda ölkəmizdə müşahidə olunan meteoroloji göstəricilər iqlim normalarına yaxındır və heç bir anomaliya qeyd edilmir”. 
Ekspert qarşıdan gələn aylar üçün nəzərdə tutulan hava şəraitindən də söz açıb:

“Nəzərə almaq lazımdır ki, ölkə ərazisinin kiçik olsa da, iqlim şəraitinə görə çox mürəkkəbdir. Azərbaycanda ekvatorial və Arktik (Antarktik) iqlim tiplərindən başqa digər iqlim tipləri mövcuddur. Respublikamızda iqlim şəraitinin kəskin soyuyacağı proqnozunun verilməsi üçün hazırda heç bir istinad ediləsi amil və meteoroloji proses olmadığına görə belə proqnozların verilməsini əsassız hesab edirəm və qarşıdakı aylarda da havanın meteoroloji göstəricilərinin iqlim normasına yaxın olacağını güman edirəm. 


Havanın sutkalıq və aylıq temperatur göstəriciləri və atmosfer yağıntılarının miqdarının əvvəlki illərin göstəricilərindən cüzi fərq etməsi də təbiidir. Əslində qışın sərt və qarlı keçməsi əhalini narahat etməməlidir. Çünki müasir dünyamızda daha vacib hesab edilən səth (çaylar, göllər, nohurlar və s.) və yeraltı su ehtiyatlarımızın qida mənbələrindən biri də qar sularıdır”.