Psixoloqdan deputata SƏRT CAVAB — "Nə qədər ki, "pensionerlər"..."

30.10.2023 10:34
153
653f4e7fc5dca202310233439

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Tahir Kərimli təklif edib ki, bəzi məqamları nəzərə alınmaqla 17 yaşında olan qızlar evləndirilə bilər. 

"Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm",- deyə o, qeyd edib.

AZSABAH.COM xəbər verir ki, məsələyə münasibət bildirən tanınmış psixoloq Samirə Bağırova News24.az-a açıqlamasında bildirib ki, psixoloji aspektdən 17 yaşlı uşaqlar gənc deyil yeniyetmə hesab edilir. Yəni, onlar tam hüquqa sahib olmayan natamam hüquqlu vətəndaşlardır. Psixoloq əlavə edib ki, bu da həmin uşaqların valideyin himayəsində olduğunu göstərir:

"18 yaşına çatmamış uşaqları evləndirmək psixoloji basqı, hətta cinsi istismara məruz etməkdir. Yalnız eqoist bir valideyin deputatın qeyd etdiyi fikirlərə sahib ola bilər. Burada övladının xoşbəxtliyini deyil, öz rahatlığını təmin etmək üçün belə bir istəyinin həyata keçməsini istəyir. Sağlam düşüncəyə sahib ata yaxud ana anlayır ki, 17 yaşlı uşaq təhsil almalı və özünü inkişaf etdirməlidir. Müəyyən maddi və mənəvi ehtiyaclarının ödənilməsi səbəbindən hələ ki, tam hüquqa sahib deyilsə, bu, o demək deyil ki, evlilik yaşına çatmamış valideyn uşağı evləndirə bilər. Erkən yaşda qurulan ailələr adətən ya məcburi, ya da psixoloji basqı altında həyata keçirilir. Bilirsiz ki, yeniyetmələr və daha çox gənclərlə də çalışıram. Hələ ki, 17 yaşda ailə qurmaq istəyən gəncə rast gəlməmişəm. Məcburi ailə quranlar isə valideynlərini günahlandırırlar və boşanmağa qaçırlar. Nə qədər ki, pensionerlər vəzifədə olacaqlar bu ölkədə sağlam inkişaf olmayacaq. Universitetlərdə yaşlı professorlardan tutmuş, dövlət məmurlarına qədər gənclər onlardan dad edirlər. İnsan niyə sualını vermədən öncə çünkilərin bir neçə variantına nəzər salmalı, oxumalı, tanış olmalı, gender bərabərliyi, insan hüquqları, erkən nikah və s. ilə bağlı dövlətin qoyduğu qanunlarla tanış olmalı və sonra fikir səsləndirməlidir. Ələlxüsus kütləyə müsahibə verən şəxslər, şəxsi fikir bildirərkən mütləq "bu mənim subyektiv fikrimdir" deyə qeyd etməlidirlər". 

"Şəxsi fikrim olaraq əlavə etmək istərdim ki, ümumiyyətlə nikah yaşına çatmamış evliliklərdə valideynlərə qanuni yolla cəza tətbiq olunmalıdır. Erkən nikah evliliyinin əsl adı cinsi istismara, yaxud təcavüzə məruz qoymaqdır. Biz nənələrimizin, babalarımızın illərində yaşamırıq. Asfaltda gəzirik, masa arxasında əyləşirik, yeməyi çəngəl-qaşıqla yeyirik. Yəni inkişaf edirik ki, irəli gedək. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun müddəalarla da tanış olunsa, uşağa şəxsi əşya kimi deyil, ayrı bir fərd kimi bəlkə fikir oyanar", - deyə psixoloq fikirlərini sonlandırıb.

AZSABAH.COM