Prezident
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə
işğaldan azad olunmuş ərazilərə səfəri və burada verilən mesajlar dünənimiz, bu
günümüz, gələcəyimiz baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki 30 illik işğal
faktı və yaranmış yeni reallıq bir çox mətləbləri tam aydınlaşdırdı və Azərbaycanın
öz fundamental haqqı uğrunda mübarizəsinin yekun nəticəsini ortaya qoydu.
Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Günündə xatirə lövhəsinin önündə
Ali Baş Komdandanın gül dəstələrini qoyması torpaqlarımızın azadlığı uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın bariz
nümunəsi hesab edilir. Məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində
yetişən gənclik torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı və tarix
yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Odumuz 44 gündə 30 illik
erməni təcavüzünə son qoydu. Bu müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi
və xalqımız üçün heç vaxt unudulmayacaq bir reallıqdır.
AZSABAH.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Qaraxanbəyli kəndi Vətən müharibəsinin
ilk günündə işğaldan azad olunub və biz ilk şəhidlərimizi bu ərazidə vermişik:
“Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki,
44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər
edib yumruq kimi birləşərək düşməni öz doğma torpaqlarımızdan qovdu və yeni bir
tarix yazdı. Azərbaycan xalqı dünya üçün nümunə olacaq sarsılmaz birlik və həmrəylik
nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad
edilmiş ərazilərdə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır. Erməni
işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu gün böyük quruculuq bərpa
işləri icra edilir. Tezliklə keçmiş qaçqın və məcburi köçkünlərin öz ata-baba
yurdlarına qayıdıb burada əbədi xoşbəxt yaşaması və onların rahatlığı, təminatı
üçün bütün zəruri infrastruktur formalaşdırılır”.
Millət vəkili qeyd edib ki, Prezident çıxışında hərbçilərin
qəhrəmanlığını xüsusi vurğulayıb: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə
gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək
irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə
geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında
tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad
edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini
qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur
olmuşdur”.
Sevinc Hüseynova Prezident Füzulidəki çıxışında bir
daha qarşı tərəfə və onlara havadarlıq edənlərə mesaj verdiyini vurğulayıb: “Azərbaycan
BMT və dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü bərpa edib, bölgədə
işğala son qoyulub, separatizmə sarsıdıcı zərbə vurulub. Amma bundan sonra da
bölgədə sülhə, təhlükəsizliyə təhdid yaradacaq bütün amillərə qarşı Azərbaycan
dövlətinin barışmaz mövqeyi ortada olacaq. Bunu Ermənistanda hələ də revanşist
hisslərlə yaşayanlar və onlara vəd verənlər də birdəfəlik dərk etməlidir. Çünki
bu gün Cənubi Qafqazda aparıcı gücə və mövqeyə sahib Azərbaycandır. Ölkəmizin
iradəsindən mövqeyindən kənar bu bölgədə hər hansı bir addımın atılması mümkün
deyil. Dövlətimiz bu regionda daimi sülhün bərqərar olmasında maraqlıdır. Ona
görə də, müharibədən dərhal sonra Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh
paketi təklif edib. Bu sülh paketi beynəlxalq hüquq çərçivəsində ölkələrin
bir-birinin ərazi bütövlüyünü tanımaq və hörmət etmək kimi fundamental prinsipləri
özündə ehtiva edir. Yaxşı olardı ki, erməni tərəfi Azərbaycanın təklif etdiyi
sülh konsepsiyasına səmimi davransın və özünün düşmüş olduğu ağır
istisadi-siyasi durumdan çıxmasına təminat yaratsın. Sözsüz ki, bunun əksinə
olacaq hər bir addım Ermənistan üçün fəlakət demək olacaq. 12-14 sentyabrda Ermənistan
tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması, onlara
verilən növbəti dərs yəqin ki, qarşı tərəfin yadından çıxmayacaq. Ermənistan və
onun havadarları birdəflik olaraq anlamalıdırlar ki, Prezidentin iradəsinə əsaslanan
Dəmir Yumruq daima yerindədir və heç bir təxribat cavabsız qalmayacaq”.