Pensiya yaşı ilə bağlı mühüm DƏYİŞİKLİK: Azərbaycanda 2024-cü ildə…

04.01.2024 13:09
349
65967709329fd202401241449

Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha 6 ay artırılacaq.


Hazırda qadınlar yaşlarının 63 il 6 ayında pensiyaya çıxa bilir.


2024-cü ilin iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan 64 yaşının olması tələb ediləcək. Qanuna əsasən, qadınlar 2024-cü ilin iyulun 1-dən 2025-ci ilin iyunun 30-na kimi 64 yaşında pensiyaya çıxa biləcək.


Yaşı uyğun gələn şəxslərin pensiyaya çıxa bilməsi üçün iki şərtdən biri ödənilməlidir. Pensiya yaşına çatan şəxslərin ya pensiya kapitalı minimum pensiya kapitalından (hazırda 40 320 manatdır – red.) çox olmalı, ya da ən azı 25 il sığorta stajına sahib olmalıdırlar.


Pensiya kapitalı anlayışı iki hissədən – fərdi uçot sistemində yığılan pensiya kapitalından və güzəşt müddətinə görə hesablanan əlavə pensiya kapitalından ibarətdir.
Təsəvvür edək ki, 64 yaşı olan bir qadının fərdi hesabında 50 min manat, yəni tələb olunandan çox pensiya kapitalı var. Bu kapitala görə pensiya 347,22 manat olur. Amma şəxsin 2006-2018-ci ilin iyulun 1-nə qədər də pensiya kapitalı olubsa, həmin şəxsə əlavə 21 il staj hesablanacaq. Mövcud qaydalara əsasən əlavə stajların hər ilinə görə 306 manat (bu məbləğ inflyasiyaya uyğun olaraq hər il artırılır – red.) pensiya kapitalı hesablanır. Əlavə staja görə kapital da hesablandıqda pensiya yaşına çatan bu şəxsin pensiyası 347,22 manat yox, 388,16 manat təşkil edəcək.


Qeyd edək ki, 2024-cü ildə pensiyaya çıxanlar üçün əlavə staj 21 ildir və hər il əlavə staj bir il azaldılır.

İkinci halda, yəni pensiya yaşına çatdıqda lazımi qədər kapital olmadıqda staja baxılır. Məsələn, pensiya yaşına çatan şəxsin 30 min manat pensiya kapitalı var. Onun kapitalı minimum tələbdən 10 320 manat azdır. Amma həmin şəxsin kapitalının bir hissəsi 2018-ci ilin iyulun 1-nə qədər toplanıb, həmçinin 2018-2024-cü illərdə onun ən azı 4 il stajı var. Bu halda ona 21 il əlavə staj verilir və ümumi staj 25 il təşkil edir. Deməli, həmin şəxs staja görə pensiyaya çıxa bilir və onun pensiyası 316,5 manat olur.