Ordudakı yeyinti ilə bağlı ŞOK AÇIQLAMA: "Rəisə yeni maşın almaq üçün..."

28.02.2024 14:55
427
MN_rusvet

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Azsabah.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.

Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyi deyib: "Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl "Mercedes", daha sonra isə "Land Rover Discover" markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam "Land Rover" gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdi. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi, 40 min dollara razılaşdırdıq. Onsuz da mən Rəşada demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmiləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmiləşdirdilər. Sonra rəisin köməkçisi dediyi şəxs pulu gətirib verdi".

Hakimin suallları cavablandıran Ramin Səfərəliyev avtomobili alan şəxsi tanımadığını deyib: "Mən orada təkcə Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova "Land Rover Discover" markalı avtomobil onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.

Hakim qeyd edib ki, bu iş üzrə dindirilməyən 3 şahid qalıb. Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfov və Maliyyələşmə şöbəsinin sabiq rəisi Nəriman Cabbarov qalıb. Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var.

Hər üç şahid gələn proses məhkəməyə çağırılacaq.

Növbəti proses martın 13-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.
Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb./teleqraf.com