Elesger Memmedoglu

“Ölümündən 6 ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır” - Mərhum sənətkarın oğlu

16 Noyabr 2024
205

“Aktyor var ki, xalq artistidir, oynadığı rolların sayı-hesabı yoxdur, amma yaddaşlarda qalmayıb. Aktyor da var ki, bir rolu ilə tanınıb və bu gün də sevilir. Mənim atam da həmin aktyorlardan olub. Baxmayaraq ki, uzun müddət teatrda fəaliyyət göstərib, amma “Bəyin oğurlanması” filmindəki Ələsgər rolu ilə bu gün də tamaşaçılara xatırladır. Halbuki o filmdə də epizodda oynayıb. O elə bir sənətkar olub ki, rolları atamı hər zaman yaşadıb və yaşadacaq. Adı hər zaman mənə dayaq olub, köməyimə gəlib”

Azsabah.com xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında əməkdar artist, mərhum sənətkar Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib. Aktyorun oğlu deyir ki, atası insanlarla daim sıx əlaqədə olub.

“İnanın biz şəhərə çıxanda hamı gəlib başına yığışırdı. Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi. Xalqın içərisində olan adam idi. Xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparmışdıq. Bir də gördük ki, otelin qarşısında nə qədər sevənləri gəlib. Eşidiblər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər. “Bəyin oğurlanması” filmindəki “Ay Ələsgər” səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, binamızın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər. Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Atam irad tutub ki, niyə qəfil siqnalı verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Atam zarafatca deyib ki, mənə 150 manat verərdiniz sizin üçün deyərdim də” deyə sənətkarın oğlu bildirib.

Ceyhun Məmmədov deyir ki, atası üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb.

“O illərdə bilirsiniz ki, tanınmaq, sevilmək çətin idi. Çünki hər biri peşəkar sənətkarlar idi. Onların içərisində baş çıxarmaq müşkül məsələ idi. Amma atam bunu bacarmışdı. Həmişə deyirdi ki, sənətimi təmənnasız sevirəm, hətta pul verməsələr belə səhnəyə çıxıb oynayaram. Fəaliyyəti boyu daha çox epizodik rollar oynamasına baxmayaraq heç vaxt şikayət etməzdi. Hətta şükür edirdi. Onun son videosu var, gəlib teatrda dostları ilə görüşür. Sanki ürəyinə dammışdı ki, o sonuncu dəfə onları görür.. Sənət yoldaşlarından biri ondan soruşur ki, nə demək istərdin dostlarına? Deyir ki, çalışın xəstələnməyin, sağlam olun. Biz onun həmin görüntüsünə baxa bilmirik” deyə sənətkarın oğlu bildirib.

Ceyhun Məmmədov atasının arzularından da danışıb.

“Həmişə deyirdi ki, kaş sənin toyunu görərdim. Biz övladlarından nigaran getdi. Xəstə olanda da ona demədik ki, xəstəsən. Xəstəliyini ondan gizlətdik, amma hiss edirdi. 40 günün içində çəkdi. Həmişə soruşurdu ki, sağalacam? Deyirdik ki, hə, 40 günə sağalacaqsan. İrana apardıq onu, orda da dedilər ki, artıq gecdir. Ölümündən 6 ay əvvəl müayinədən keçmişdi, hər şey yaxşı idi. Bu bizə hələ də qaranlıq qalır. Danışa-danışa, gülə-gülə keçindi” deyə sənətkarın oğlu bildirib.