“Neqodnı”lərə pis xəbər: 18 yaşından 35 yaşınadək olan hər kəs...

07.02.2024 09:10
476
65c311343889b202402241220

Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Bu ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

Məlumat üçün bildirək ki, qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Feveralın 6-da Baş Prokurorluqdan verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Eyni zamanda müxtəlif qeyri-qanuni üsullarla hərbi xidmətdən yayınanların narahat olmaları üçün kifayət qədər ciddi əsaslar var. Çünki bununla bağlı bir sıra dövlət orqanları ciddi şəkildə çalışır və qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov Referans.az-a bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu günə qədər baş vermiş bütün qanunsuz hərbi xidmətdən yayınma halları artıq sona çatacaq:

“Bu günə qədər qanunsuz hərbi xidmətdən yayınan hər bir vətəndaş 18 yaşından 35 yaşınadək olan şəxslər yenidən hərbi xidmətə çağrılır. Amma bu sadəcə 35 yaşınadək olan şəxslərə şamil olunur. Ola bilər ki, bir şəxs qanunsuz hərbi xidmətdən yayınıb və həmin şəxs artıq 35 yaşın tamam edibsə, onu heç kim, heç bir halda hərbi xidmətə çağıra bilməz. Səfərbərlik xidməti nə etsə də, artıq həmin şəxsi hərbi xidmətə apara bilməz. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqətən çox ciddi və prespektiv qərarlar verir”.


Ekspert bildirib ki, bu məsələ saxta veteranlıq alanlara və özlərini qanunsuz yollarla qazi və ya müharibə iştirakçısı adlandıranlara da şamil olunmalıdır. Onun sözlərinə görə, bu gün minlərlə, bəlkə də, on minlərlə insan  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibəyə cəlb olunanlar da, bu günə qədər veteran adını ala bilməyiblər: “Bax, bu məsələni gündəmə gətirmək lazımdır. Bu məsələlərə də diqqət yetirilməlidir”.