Musa Qasımlıdan möhtəşəm məqalə

02.07.2020 13:07
2486

Avropa İttifaqının "Şərq tərəfdaşlığı proqramı” çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana "Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” deyib, bir daha tərs şillə vuraraq yerində oturtdu.

Azərbaycan Respublikasının Prezidenti bu sözləri ilə Ermənistanın gerçək üzünün terrorçuluq, iqrçilik və işğalçılıq olduğunu yenidən bəyan etdi. Şərh və təhlil etmədən rus, rusdilli erməni və türk mənbələrində erməni terrorunu və irqçiliyini təsdiq edən minlərlə konkret tarixi faktlardan yalnız bir neçəsinə nəzər yetirək.

Terrorçuluğu Cənubi Qafqaza kim gətirib?

Sənədlər sübut edir ki, Cənubi Qafqaza terroru bu regionda aborigen olmayan ermənilər özləri ilə gətiriblər. XIX əsrin 80-ci illərinin sonlarında Tiflisdəki bir neçə rus məktəbinin erməni mənşəli müəlliminin yaratdığı inqilabçı-terrorçu qrupunun "Qnçak” (Zəng) jurnalında terrorçuluq təbliğ edilirdi. Cenevrədə Nazarbayev qardaşlarının 1886-cı ildə qurduqları Qnçak terror-siyasi təşkilatının proqramında birmənalı olaraq yazılırdı: "Terror inqilabi təbliğatı mühafizə etmək üçün özünü müdafiəyə və idarəçilərin zərərli hərəkətlərinə qarşı silahla xidmət etməlidir”.

Erməni iri ticarət-sənaye burjuaziyası nümayəndələrinin 1890-cı ildə Tiflisdə yaratdıqları Erməni İnqilabi Partiyası Daşnaksütyunun 1894-cü ildə qəbul edilən ilk proqramında vurğulanırdı: "Türkiyədən kənarda hər yerdə erməni xəyanətkarlarını öldürmək və digər terror təşkilatları ilə əlaqə qurmaq”.

Terrordan danışan N.Paşinyan və digərləri hər halda babalarının qurduğu bu təşkilatların proqramını oxumamış deyillər. Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan türkləri və gürcülər hələ özlərinin siyasi təşkilatlarını yaratmamışdılar.

Erməni terror-siyasi təşkilatlarının proqramları bir daha təsdiq edir ki, kilsə ilə yanaşı, erməni ünsürünü bir yerə toplayan terror təşkilatları olub və erməni cəmiyyətinin təməlində terror dayanır. Bu gerçəkliyi daşnakların "Droşak” ("Bayraq”) qəzeti daşnak terrorçusu Martiros Çarıxçıyana həsr etdiyi məqaləsində aşağıdakı kimi ifadə edirdi: "Erməni həyatı inqilabi fikirləri həqiqi və zəruri olaraq əks etdirən bir tip istehsal etmiş və hazırlamışdır. Bu, terrorçudur və təhdid edən tipdir”.

Tarixi faktlar və müasir reallıqlar sübut edir ki, həqiqətən də təhsili, vəzifəsi və ictimai mövqeyindən asılı olmayaraq hər bir erməni ya terrorçudur, ya da potensial terrorçudur. Elə isə baxaq görək bu barədə ən mötəbər arxiv sənədləri nə deyir?

Çarizm dövründə Cənubi Qafqazdakı rus, gürcü və yəhudi əsilli məmurlara qarşı erməni terroru

Çarizm dövründə azərbaycanlılara qarşı olan terror aktlarının üstündən bilərəkdən keçərək erməni terrorçularının Cənubi Qafqazda çalışan rus, gürcü və yəhudi əsilli məmurlara qarşı törətdikləri terror aktlarından bir neçəsinə şərh vermədən diqqət yetirək. Belə ki, 1903-cü ildə erməni terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsınə sui-qəsd etdilər, lakin canişin sağ qaldı. Daşnaksütyunun üzvləri olan müəllimlər Semyon Qarayan və Xeço Ryabyan 1904-cü ildə Eçmiadzin qəza rəisi Şmerlinqi öldürdülər. Məktəbdə şagirdlərə dərs verən və müəllim adını daşıyan bu şəxslərin terror aktı törətməsi "Droşak” qəzetinin yazdıqlarını təsdiq edirdi. Həmin ildə erməni terrorçuları Yelizavetpol şəhərində pristav Abramoviçi, Kars şəhərində Kars briqadası sərhəd dəstəsinin 1-ci bölməsinin rəisi polkovnik Bıkovu, ermənilərin silah daşımasına mane olan Sürməli qəza rəisi Boquslavskini, Şuşada jandarma zabiti Podşivalovu, Aleksandropol şəhər polis pristavı Naşanskini, polis işçisi Saxarovu, Şuşada vergi inspektoru Şerbakovu, Karsda jandarma idarəsinin tərcüməçisi Qrozdevi, Eçmiadzin qəzasında erməni kilsəsinin əmlakını mühafizə edən Savini, Eçmiadzin şəhərində mühafizəçi Qonçarenkonu, Eçmiadzin pristavı Qulielini, Karsda polis işçisi Xerxulidzeni öldürdülər.

1905-ci il hadisələrinin gedişində Bakı qubernatoru M.A.Nakaşidzenin öldürülməsi üçün Daşnaksütyun 35 min rubl pul ayırmışdı. 1905-ci il mayın 11-də gündüz saat 3-də Parapet küçəsi ilə Vrangel küçəsinin kəsişdiyi yerdə hərəkət edən knyaz M.A.Nakaşidzeyə sui-qəsd edildi. Ağır yaralanan qubernator mayın 18-də öldü. Bu terror aktı barədə Daşnaksütyunun yaydığı proklamasiyada yazılırdı ki, qubernatora qəsd droşakistlər tərəfindən həyata keçirilib. Qətldən az sonra "Erməni xalqına müraciətində” Daşnaksütyun yazırdı ki, artıq Nakaşidze yoxdur. M.A.Nakaşidzeni öldürən 4 nəfər erməniyə - Şuşa şəhər sakini Simon Balasanova, Bakı şəhər sakini Georgi Mayramova, İran təbəələri Petros Saxakyansa və Levon Arutunova və Naxçıvan qəzasından olan Minas Aqayansa məhkəmənin qərarı ilə ölüm hökmü verildi. Lakin sonralar ölüm hökmü ləğv edildi və onların hər biri 15 illik katorqaya göndərildilər. Qətldə iştirak edən beşinci adam həddi-büluğa çatmamış Minas Aqayans isə yalnız 1907-ci ildə mühakimə olundu və bəraət aldı. Bu terror aktının iştirakçıları arasında həddi-büluğa çatmamış Minas Aqayansın olması da "Droşak” qəzetinin yazdıqlarını təsdiq edirdi, yəni erməni cəmiyyətində müəllim də, şagird də terrorçudur və ya istənilən an terrorçu ola bilər.

Daşnaksütyun terrorçuları general Əlixanovu, qəza rəisi Pavlovu, polis işçiləri Cavaxovu, Şumakeviçi və başqa şəxsləri öldürdülər. 1906-cı il iyunun 17-də Yelizavetpolda vağzalyanı sahədə pirstav Murovskiyə arxadan 3 güllə vurdular.

Yelizavetpol quberniyasında erməni terrorçularının qanlı fəaliyyətləri davam edirdi. Qubernator Kalaçev 1906-cı il 16 noyabr tarixli şifrəli teleqramında Qafqaz canişinliyinin xüsusi şöbəsinin rəisi polkovnik Babuşkinə yazırdı: "1905-ci il fevralın 1-dən 1906-cı il mayın 1-dək Yelizavetpol quberniyasında terror aktları nəticəsində 1 qəza rəisinin köməkçisi, 4 pristav, 1 jandarma işçisi 23 mühafizəçi öldürülmüş, 6 mühafizəçi yaralanmışdır”.

Daşnaksütyunu ləğv etməkdə israr etdiyi üçün Yelizavetpol qəza rəisi podpolkovnik Avaliani daşnak terrorçuları Arutun Xaçaturov və Asatur Davıdov tərəfindən 1907-ci ildə öldürüldü.

Bakıda daşnak mətbəəsini aşkarlayan pristav Narışkin, nəzarətçilər Qrin və Kalaşnikov Daşnaksütyunun göstərişi ilə öldürüldülər. Bundan sonra daşnaklar terrora bir qədər ara versələr də, az müddət keçmiş polismeyster Şervudu və 3 pristavı qətlə yetirdilər.

Vəzifələrinə uyğun olaraq şəxslərin öldürülməsi üçün terrorçulara verilən pul da fərqli olurdu. Bununla bağlı olaraq "Tverskoe Povoljye” qəzeti 1908-ci il 28 sentyabr tarixli sayında yazırdı ki, şəhər polis idarəsinin aşağı rütbəli işçisini öldürmək üçün 5 rubl, həbsxana nəzarətçisini öldürmək üçün 15 rubl, pristavı öldürmək üçün 25 rubl pul verilir. Tiflis quberniya jandarma idarəsinin 1908-ci il 31 dekabr tarixli 5428 №-li tamamilə məxfi məktubunda yazılırdı ki, hər bir terrorçuya ayda 45 rubl maaş və hər bir terror aktına görə isə məbləği müəyyənləşdirilməyən qonorar verilir.

Ümumiyyətlə, çarizm sənədlərindən aydın olur ki, 1905-1908-ci illərdə daşnaklar 47 siyasi qətl törətmişdilər. 1908-ci il iyulun 1-dən 1909-cu il iyulun 1-dək Qafqaz diyarının quberniya və vilayətlərində 348 daşnak istintaqa cəlb edilmiş və həbs olunmuşdu. Erməni ünsürü də terrorçulara yardımlar edirdi. Rusiya imperiyasının Ədliyyə naziri İ.Şeqlovitov erməni ünsürünün terror təşkilatlarına ianələr verməsi barədə Qafqaz canişini Vorontsov-Daşkova 1909-cu il iyunun 11-də göndərdiyi 31248 №-li məxfi məktubunda yazırdı: "...heç şübhəsiz, bu ianələr dinc erməni əhalisini terrorizə edən güclü bir partiyanın adətən qorxulu təsiri altında edilib”.

Birinci Dünya müharibəsi illərində təşkil edilən erməni silahlı dəstələrinin başında məşhur terrorçular dayanırdı. Çar hakimiyyət orqanlarının "Cari hərbi hadisələrlə əlaqədar olaraq erməni inqilabi və milli hərəkatına dair qeydlər” adlı 1915-ci il 5 may tarixli 167800 saylı tamamilə məxfi sənədində birmənalı şəkildə yazılırdı: "Silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi”.

Mənbələrdən aydın olur ki, erməni terror-siyasi təşkilatları gürcülərə nifrət edirdi. Gürcü dilində Tiflisdə nəşr edilən "Saxalxo-Purçeli” qəzeti 1916-cı il 22 aprel tarixli 556-cı sayında yazırdı ki, ermənilər Gürcüstanda hələ möhkəmlənmədikləri bir zamanda erməni-gürcü münasibətləri kəskin deyildi. Zaman-zaman Gürcüstanda ermənilər iqtisadi cəhətdən möhkəmləndilər. O zaman bir-birinə zidd olan iki dünyagörüş toqquşdu. Erməni plutokratiyasının istəkləri və arzularının hüdudu yoxdur. Ermənilərə qarşı mübarizə gürcü millətçiliyinin yeganə predmetidir. Gürcü millətçilyi erməni təhlükəsindən xalqını xilas etmək niyyətindədir. Qəzet qeyd edirdi ki, ermənilər gürcülərlə dost münasibətlərdə deyillər.

Daşnak Ermənistanında terrorçuluq və irqçilik dövlət siyasəti kimi qəbul edilir

Cənubi Qafqazda heç bir zaman olmayan Ararat və ya Ermənistan adlı bir dövlət türk, azərbaycanlı torpaqlarında qurulduqdan və Azərbaycan tərəfi tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq verdikdən sonra daşnaklar soyqırımı, iqrçiliyi və terrorçuluğu dövlət siyasətinə çevirdilər. Sovet hakimiyyətinin ilk illərində hazırlanmış "Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə yazılırdı ki, daşnaklar hakimiyyətə gələrkən Ermənistan ərazisində 1 milyon 200 min nəfər əhali var idi. 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə isə ölkə əhalisi cəmi 770 min nəfər idi. 1918-1920-ci illərdə Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5% azalmışdı. Türklər 77%, kürdlər 98%, yezidi kürdlər 40% azalmışdılar. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77% azalmışdılar. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98% azalmışdılar. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40% azalmışdılar. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7% azalmışdılar. Digər millətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43% azalmışdı. Bu isə iqriçilik, soyqırımı və terrorçuluq siyasətinin konkret nəticəsi idi.

Ənənə davam etdirilirtürkləramerikalılarfransızlarisveçrəlilərruslarispanlaravstriyalılarkanadalılar... erməni terrorunun qurbanı olurlar

1920-ci ilin noyabrında Ermənistanda hakimiyyətdə daşnakları erməni bolşevikləri əvəz etsə də, terrorçuluq hərəkətləri dayandırılmadı. Terror aktlarını bu dəfə bolşevik libası geyinmiş erməni milislər törətməyə başladılar. Məsələn, 1923-cü il oktyabrın 5-6-da erməni milisləri İrəvandakı Türkiyə nümayəndəliyinə soxularaq türk bayrağını təhqir etdilər. Sovet-türk münasibətlərində diplomatik gərginliyə səbəb olan bu hadisə də "Droşak” qəzetinin yazdıqlarını təsdiq edirdi: yəni hansı ideologiyanın hakimiyyəti altında işləməsindən asılı olmayaraq, erməni milisi də terrorçudur.

XX əsrin 70-ci illərinin əvvəllərində yaranmış beynəlxalq şəraitdə dünyanın müxtəlif ölkələrində mövcud olan erməni terror təşkilatları yenidən fəallaşdılar və terror aktlarını amansızlıqla həyata keçirməyə başladılar. Terror aktları ayrı-ayrı türk diplomatlarına, banklarına, digər ölkələrin hava limanlarına, vağzal binalarına və agentliklərinə qarşı törədildi, gedişində digər millətlərin də nümayəndələri öldürüldü.

Erməni terrorçuları ilk terror aktını dünyanın fövqəldövlətlərindən və Türkiyənin NATO-da müttəfiqi olan ABŞ ərazisində həyata keçirdilər. "Sultan Əbdülhəmidin sarayından oğurlanmış bir tablonun Türkiyəyə göndərilməsi üçün təşkil edilmiş bir mərasimə” dəvət olunan Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və konsul müavini Bahadır Demir 1973-cü il yanvarın 27-də ABŞ-ın Kaliforniya ştatının Santa Barbara şəhərində Baltimor mehmanxanasında xüsusi yemək otağında Ərzurumda doğulmuş, 1946-cı ildə ABŞ-a köçərək vətəndaşlığı qəbul etmiş 77 yaşlı terrorçu Qurgen Yanukyan tərəfindən qətlə yetirildilər. Mehmet Baydar xəstəxanaya aparılarkən yolda vəfat etdi. 30 yaşındakı Bahadır Demir isə St. Francis xəstəxanasında öldü. Onun başından beş güllə çıxarıldı.

Üç ay əvvəl Yanukyan Türkiyənin Los-Ancelesdəki baş konsulluğuna bir məktub göndərmişdi. Məktubda yazılırdı: "Məndə Əbdülhəmid sarayından oğurlanmış bir tablo vardır. Bunu Türkiyəyə, sizlərə hədiyyə etmək istəyirəm. Santa Barbara şəhərinə sizləri bu məqsədlə dəvət edirəm. Burada birlikdə yemək yeyər, eyni zamanda, bu tablonu kiçik və səmimi toplantıda sizə təqdim edərəm”. Dəvəti qəbul edən baş konsul və müavini Santa Barbara şəhərinə getmişdilər. Səmimi qarşılanan türkləri hotelin özəl yemək salonuna aparmışdılar. Yanukyan və dəvət olunanlar masaya oturduqdan az sonra aralarında mübahisə yaranmışdı. Bir qədər keçmiş atəş səsləri eşidilmişdi. Qarsonlar içəri girdikdə konsulların güllələndiklərini görmüşdülər.

Yanukyan 1917-ci il oktyabr çevrilişindən sonra Suzan adlı rus həkimlə evlənmiş, bir müddət Avropa ölkələrində yaşamış, sonra isə ABŞ-a köçmüşdü. Xəttatlıq sənəti sayəsində qısa müddətdə fırıldaq yolu ilə varlanmışdı. Özünü pyes, roman müəllifi və filosof kimi təqdim etmişdi. Hadisədən əvvəl türk konsulluğu belə bir məzmunlu anonim məktub almışdı: "Yaxınlarda böyük şiddət hadisəsinə hazır olun”. Cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilmişdi. Qatilə ölüm hökmü kəsilsə də, 1984-cü il dekabrın 31-də səhhətinin ağırlığına görə həbsdən azad edilmişdi.

Baş verən hadisə dəlilik deyil, Kaliforniyada qurulan erməni terror təşkilatlarının fəaliyyətinin tərkib hissəsi, bilavasitə nəticəsi idi. Yanukyanın "qəhrəman” kimi təbliğ edilməsi erməni ünsürünün xarakterini və əhvali-ruhiyyəsini göstərirdi.

Özünü yazıçı və filosof kimi təqdim edən Yanukyanın terror aktını törətməsi də "Droşak”ın yazdıqlarını təsdiq edirdi, yəni erməni sənətkarı, yazıçısı, filosofu da terrorçudur və ya potensial terrorçudur.

1973-cü il aprelin 4-də Parisdə erməni terror qruplaşması Türkiyə konsulluğunun və hava yollarının binası qarşısında bomba partlatdı.

Nyu Yorkda yerləşən Türkiyə informasiya xidməti 1973-cü il oktyabrın 26-da bir poçt bağlaması aldı. Bağlamadan Santa Barbarada türk diplomatlarını öldürən Qurgen Yanukyan terror qrupunun məktubu və bomba çıxdı. Təhlükəsizlik xidməti əməkdaşları bombanı zərərsizləşdirdilər.

1975-ci il oktyabrın 22-də üç erməni terrorçusu Türkiyənin Vyanadakı səfirliyinin binasına soxularaq səfir Deniz Tunalicili qətlə yetirdi.

Livanda Beyrutdakı Türkiyə səfirliyinin binası həmin ilin oktyabrın 28-də raketlə bombardman edildi. Binaya xeyli ziyan dəydi.

Erməni terrorunun növbəti hədəfi Moskva oldu. 1977-ci il yanvarın 8-də Moskvada erməni terrorçuları Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan tərəfindən bir neçə teror aktı törədildi. Metronun "İzmayılovskaya” və "Pervomayskaya” stansiyaları arasında keçiddə axşamüstü birinci bomba partladıldı. Partlayışda 7 nəfər öldü. İkinci bomba həmin gün Dzerjinski küçəsində SSRİ DTK binasının yaxınlığındakı 15 saylı, üçüncü bomba isə 25 oktyabr küçəsindəki 5 saylı ərzaq dükanlarında partladıldı. Terrorçular məhkəmənin qərarı ilə ölümə məhkum edildilər və qərar icra edildi.

1978-ci il iyunun 2-də Türkiyənin İspaniyadakı səfiri Zeki Günerel Madriddə iş yerinin qarşısında öldürüldü. Onunla birlikdə həyat yoldaşı Rekle Günerel, təqaüddə olan keçmiş səfir Beşir Balaşoğlu və səfirin milliyyətcə ispan olan sürücüsü Antonio Torres də qətlə yetirildilər. Həmin ilin dekabr ayının 6-da İsveçrənin Cenevrə şəhərində Türkiyə konsulluğunun binası qarşısında partlayış baş verdi. Buna görə məsuliyyəti "Yeni erməni müqaviməti” öz üzərinə götürdü.

Başlıca məqsədi Türkiyə ərazisində fəaliyyət göstərmək üçün terrorçular hazırlamaq olan "Erməni azadlıq cəbhəsi” adlı terror təşkilatı 1979-cu ildə yaradıldı. Həmin il iyulun 8-də erməni terrorçuları Türkiyənin Parisdəki avianəqliyyat şirkətində, əmək məsələləri attaşesinin binasında və turizm bürosunda partlayış törətdilər. Avqustun 22-də Cenevrədəki türk konsulu Niyazi Edalinin maşınına qoyulmuş bombanın partlaması nəticəsində paytaxtın iki sakini yaralandı. Bu hadisədən beş gün sonra Almaniyanın Frankfurt şəhərində Türk Hava Yollarının ofisi qarşısında bomba partlayışı nəticəsində bir neçə adam yaralandı. Həmin ilin oktyabrın 4-də Danimarkanın paytaxtı Kopenhagendə Türk Hava Yollarının ofisi qarşısında bomba partladılması nəticəsində adamlar həlak oldu. Oktyabrın 12-də Hollandiyada Haaqadakı Türkiyə səfiri Özdemir Benlerin 27 yaşlı oğlu, Delft Texniki Universitetinin doktorantı Ahmet Benler şəxsi avtomobilində bir neçə şəxsin gözü qarşısında erməni terrorçusu tərəfindən öldürüldü. Oktyabrın 30-da İtaliyanın Milan şəhərində Türk Hava Yollarının ofisində baş verən partlayış nəticəsində binaya xeyli ziyan dəydi. Noyabrın 8-də Roma şəhərində Türkiyə səfirliyinin binasında bomba partladıldı. Bu hadisədən 10 gün sonra Parisdəki Türk Hava Yollarının ofisinin yerləşdiyi binada partlayış törədildi. Dekabrın 17-də Londonda Türk Hava Yollarına məxsus binada partlayış baş verdi. Bu hadisədən bir neçə gün sonra, dekabrın 22-də Türkiyənin Fransadakı səfirliyinin turizm məsələləri üzrə attaşesi Yılmaz Şolpan Yelisey meydanında erməni terrorçusu tərəfindən qətlə yetirildi. Elə həmin gün Hollandiyanın paytaxtı Amsterdamda Türk Hava Yollarının ofisi qarşısında güclü partlayış törədildi.

Türk diplomatlarına qarşı törədilən erməni terroru amansızlıqla davam edirdi. 1980-ci il aprelin 17-də Romada Baş kilsənin yanında üç nəfər erməni terrorçusu Türkiyənin Vatikandakı səfiri Vecdi Turala qəsd etdi. Bu terror aktı nəticəsində səfir, mühafizəçisi və sürücüsü yaralandı.

(Ardı var)

Musa QASIMLI,

Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutun direktoru, AMEA-nın müxbir üzvü

Loading...