Musa Qasımlı: Onlara dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir

09.05.2020 12:17
211

Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində, onun tərkib hissəsi və o zaman Böyük Vətən müharibəsi adlandırılan 1941-1945-ci illər müharibəsində antihitlerçi koalisiyaya daxil olan ölkələrin cərgəsində yer tutan SSRİ-nin digər xalqları ilə birlikdə Hitler Almaniyası, faşist İtaliyası və militarist Yaponiyası üzərində qələbə qazanılmasında mühüm rol oynayıb.
AzSABAH.COM xəbər verir ki, nu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O vurğulayıb ki, xalqımız ön cəbhədə, arxa cəbhədə, Avropa ölkələrində antifaşist müqavimət və partizan hərəkatlarında yaxından iştirak edib. Müharibə illərində 600 mindən çox azərbaycanlı səfərbər edilib. Onların təqribən yarıya qədəri həlak olub. Azərbaycan nefti qələbədə başlıca rol oynayıb. Müharibə illərində SSRİ-nin beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzi Azərbaycan olub. Əvvəllər Daşkənd üzərindən xarici ölkələrə uçuşlar həyata keçirilirdisə, az sonra ən əlverişli olan Bakı-Tehran hava xəttinə üstünlük verilib. Bakı-Tehran dəmir yolu xətti də fəaliyyət göstərib. Dövrün görkəmli xadimləri, məsələn, Fransa müqavimət hərəkatının rəhbəri, sonralar Fransada V Respublikanın Prezidenti Şarl de Qoll Moskvaya Bakıdan keçib gedib. O, Bakıda Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına tamaşa edib. Tərcüməçi tərcümə etmək istəyərkən deyib ki, ehtiyac yoxdur, müqavimət hərəkatındakı azərbaycanlı silah yoldaşları ona danışıblar.
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti müharibə iştirakçılarının xatirəsinə böyük hörmət və ehtiram göstərir. Hər il dövlətimizin başçısı mayın 9-da Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsinə əklil qoyur, cəsur sərkərdənin xatirəsini ehtiramla yad edir. Bu addım həm tarixi keçmişimizə hörmət və ehtiramın nümunəsidir, həm də neonasizmin təbliğ edildiyi təcavüzkar Ermənistan üzərində zəfər qazanılmasına ruhlandıran amillərdən biridir”, - deyə Musa Qasımlı vurğulayıb.


Loading...