Müharibənin yeni ünvanı: hədəf bəlli oldu, Rusiya hərəkətə keçdi

08.08.2022 20:16
215
photo_37909667

Putinin göstərişi ilə başlayan Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub. Artıq Moskvanın yeni hərbi hədəfi bəlli olub! Müharibənin yeni ünvanı bu ərazilərdir…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "xüsusi əməliyyat" kimi xarakterizə etdiyi müharibədə Rusiyanın yeganə hədəfinin Ukraynanın şərqi olmadığını bildirib.

Bir neçə həftə əvvəl dövlət mediasında çıxış edən rusiyalı nazir coğrafi hədəflərin təkcə DXR və LXR ilə məhdudlaşmadığını, Xerson vilayəti, Zaporojye bölgəsi və digər əraziləri də əhatə etdiyini açıqlayıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Lavrovun açıqlamalarından sonra Rusiya hərəkətə keçib. Britaniya və Ukrayna kəşfiyyatı Rusiyanın yeni hədəfini açıqlayıb.

RUSİYANIN YENİ HƏDƏFİ

Britaniyanın “Guardian” qəzetinin xəbərinə görə, Moskva Ukraynanın cənub cəbhəsində mövqelərini gücləndirməyə və bölgədəki hərbçilərin sayını artırmağa başlayıb.

Mətbuat müharibənin yeni və ölümcül mərhələyə qədəm qoyduğunu yazır.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, rus qoşunlarının cənubda toplaşdığı dəqiqdir.

“Guardian”ın xəbərinə görə, ruslar bir tərəfdən əlavə qüvvələr toplayır, digər tərəfdən isə işğal altındakı Zaporojye bölgəsində Ukrayna hərbçilərinə hücum edirlər.

Ukraynanın cənub istiqamətinə əks-hücum həyata keçirə bilməməsinin əsas səbəbi Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-dir.

Çünki rusiyalı hərbçilər iyulun ortalarından Ukrayna qüvvələrinə atəş açmaq üçün bu obyektdən dayaq kimi istifadə edirlər.

İTKİLƏR AÇIQLANMIR

Digər tərəfdən, Rusiya aylardır hərbi itkilərini açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.

Sözügedən açıqlamada Rusiyanın 498 canlı qüvvə itirdiyi bildirilib. O vaxtdan bəri bu məlumat yenilənməyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə isə Rusiyanın itkilərinin sayı 40 mini ötüb. (Müsavat)