Naile Islamzade

Müğənni ilə şayiəsi yayıldı, üç qardaşını faciəvi şəkildə itirdi, anasının son nəfəsinə çata bilmədi - Nailə İslamzadə haqqında bilmədiklərimiz

08 Oktyabr 2024
438

Kulis.az məşhur diktor Nailə İslamzadə haqqında maraqlı faktları təqdim edir. 

Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailənin özündən başqa dörd böyük qardaşı olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Rus dili və Ədəbiyyatı İnstitutuna verir və qəbul olunur. Hər dəfə tətillərdə Balakənə gedəndə sevinir, geri qayıdanda isə yolboyu ağlayır. 

***

Nailə tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılır və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunur. 

İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxaraq “hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra “Zəngli saat” və “Sovet ittifaqına xidmət edirəm” verilişləri transilasiya olunacaq” deyir. Bu sözlərdən sonra diktor Rafiq Hüseynov rejissor pultunun ardından ayağa qalxıb Nailəni qucaqlayır və ona deyir: “Təbrik edirəm Nailə! İndi səni bütün Azərbaycan tanıdı”. 

***

Nailə İslamzadə diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub. 

Ancaq iş elə gətirir ki, Nailə xanım 25 il işlədiyi televiziya kanalından, AzTV-dən ayrılmaq qərarına gəlir. O, bu barədə deyir: 

“Bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar”.

***

O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır. Hazırda Saleh Bağırovla birlikdə "Ötən günlər" proqramının aparıcısıdır. 

Diktorun həyat yoldaşı onu efirdən görüb, bəyənib. Sonradan o, Xalq artisti Ağakişi Kazımovla televiziyaya gələrək diktor Rafiq Hüseynovla görüşür. Rafiq Hüseynov məsələdən xəbər tutanda, Nailəni otağa çağırır. Heç nədən xəbəri olmayan diktor otağa girib çıxandan sonra öyrənir ki, qonaqlar onun üçün elçiliyə gəliblər. Bu məsələdən sonra Nailə xanım onunla tanış olmaq istəyən bəylə görüşür, münasibət qurur. Bir müddətdən sonra onlar ailə qurur. Bu evlilikdən cütlüyün İslam adlı bir oğlu dünyaya gəlir. 

Nailə xanım haqqında yayılan ən maraqlı şayiələrdən biri onun Xalq artisti Akif İslamzadənin həyat yoldaşı olmasıdı. Bu barədə diktor deyir: 

"İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm".

***

Televiziyada işləyəndə diktorun atası rəhmətə gedir. Bir müddət keçir, diktorun iki qardaşı xərçəng xəstəliyindən vəfat edir. Diktorun üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişir. Bu zaman Türkiyədə TRT Avaz-da verilişində aparıcı kimi fəaliyyət göstərən diktor verilişlərin birində fasilə vaxtı təsadüfən "Facebook"a girir və rəfiqəsinin ona başsağlığı yazdığını görür. Əvvəl heç nə başa düşməsə də, sonradan ona qardaşının ölüm xəbərini verirlər. O, özü müsahibələrinin birində bu haqda deyir: 

“Gördüm ki, başsağlığı verirlər mənə. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, necə aparım verilişi. Məcburən verilişi apardım. Hələ elə ağır veriliş aparmamışdım”.

***

Pandemiya dövründə aparıcının Balakəndə yaşayan anasının vəziyyəti pisləşir. Diktora zəng vurub anasının son nəfəsdə olduğunu və gəlmək lazım olduğunu deyirlər. O, təcili yola çıxsa da anasının son nəfəsinə çata bilmir. Müsahibələrinin birində bu haqda deyir:

“Mən Bakıdan çıxanda, yolda bildim ki, anam artıq rəhmətə gedib. Yolda məni polislər saxladı, onlar dedilər ki, sizin adınız portalda yoxdur. Bu mənə pis təsir elədi ki, anamı son dəfə görə bilmədim. Bəlkə onun mənə bir sözü, məndən bir istəyi vardı”. 

Nailə xanım boş vaxtlarında səsli kitabları və Quran dinləyir. Formasını daim nəzarətdə saxlayan diktorun sözlərinə görə, gün ərzində Bulvarda 5,6 km yol gedir. Bir neçə il əvvəl isə depressiyaya düşdüyündən piano öyrənməyə başlayıb. Bunun üçün xüsusi müəllim yanına gedir, notları öyrənir.