Milli Şurada baş verənlərin pərdəarxası

06.06.2020 16:30
248
Mayın 15-də Milli Şuradan gedən rejissor Eldəniz Quliyevə qarşı sosial şəbəkələrdə aparılan kampaniya davam edir. Artıq kinorejissor açıq bir dillə kəskin ittihamlara məruz qalır, təhqir olunur. Bu dəfə də təhqir və söyüş kampaniyasının ünvanı eyni olaraq qalır: Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, Cəmil Həsənlinin başında dayandığı Milli Şura. Düzdür, bu kampaniyada nə Əli Kərimli, nə də Cəmil Həsənlinin adları açıq hallandırılmasa da, onların baş verənlərə göz yumması və ya görməzdən gəlməsi də diqqətdən yayınmır. Ümumiyyətlə, həmişə Əli Kərimlinin olduğu yerdə, balıq bir qayda olaraq başından iylənir.

Yetənə də, yetməyənə də daş atmaq

İllərdir müxalifəti öz monopoliyasına saxlamaq üçün saysız cəhdlər edən, bundan “ölkənin yeganə demokratı”nın özü olduğu kimi narsist düşüncəsini gübrələyərək böyüdən Əli Kərimlinin bu gedişi də sükut içində izləyəcəyi gözlənilən deyildi. Bu ehtimal da çox keçmədən – istefa açıqlaması verəndən cəmi iki-üç dəqiqə sonra AXCP sədrinin troll dəstəsinin Eldəniz Quliyevi hədəf taxtasında oturdub qurşaqdan aşağı döşəməyə başlamasıyla özünü doğrultdu. Ümumiyyətlə, heç vaxt Əli Kərimlinin “siyasi mübarizəsi” qurşaqdan yuxarı qalxmayıb. İllərdir mübarizəsi kağız və sosial şəbəkə üzərində qurulan, hərəkət etmək lazım gələndə saatlarla danışmaqdan o tərəfə keçə bilməyən Əli Kərimlinin söyüş və təhqir alətləri də kifayət qədər köhnədir. Yetdiyinə də, yetmədiyini də topuğundan daş atmaq AXCP sədrinin şakəridir.

Seksual qeybət

Eldəniz Quliyevin istefasına gəlincə, Milli Şura və AXCP daxilindəki bu gərginlik həmin günlərdə şuranın onlyan konfransında baş verənlərdən başladı. Pandemiyanın hər birimizi ölümlə hədələdiyi bu günlərdə Şura üzvləri, Cəmil Həsənli də daxil olmaqla ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovun cinsi oriyentasiyasını müzakirəyə çıxardı. Videokonfransın seksual əhval-ruhiyyəyə köklənməsi, söhbəti jurnalistin açıq söyüşlərə “qonaq” edilməsinə qədər uzandı. Bir tərəfdə Gültəkin Hacıbəyli, bir tərəfdə də Rafiq Manaflı jurnalisti ağ yuyub, qara sərdi. Şuranın ağsaqqalı Cəmil Həsənli isə sabah bunun nəyə başa gələcəyini bilmədən, halından məmnun halda okeanın o tərəfindən gülücüklər atırdı. Söhbət o qədər şirinləşdi ki, heç kimi tapmayıb bu dəfə Eldəniz Quliyevin üstünə düşdülər, Feysbukdakı fəaliyyətləri, cinsi azlıqlara qarşı münasibətlərinə görə onu da gəldiyinə peşman etdilər.
Maraqlı olan da elə budur: İsmayıl Cəlilovu cinsi oriyentasiyasına görə təhqir edirlər, cinsi azlıqları qəbul etməyən Eldəniz Quliyevi Şuradan çıxdaş edirlər.

Mutasiyaya uğramış əqidə

Olaydan bir neçə gün sonra isə olanlar oldu. İstefa açıqlaması verən Eldəniz Quliyev Milli Şuradan getdiyini bildirdi. İlk sözü də bu oldu ki, mərdi qova-qova namərd oldular. Milli Şuranın əqidə mutasiyasına uğradığını deyən kinorejissor qeyd etdi ki, Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında yanlış istiqamətə yönəlib. Bu da Eldəniz Quliyevin – Milli Şuranın keçmiş üzüvünün öz qələminədən çıxan sözlərdir: “Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?”.
Açıqlamada diqqət çəkən ən maraqlı məqamlardan biri isə onun Cəmil Həsənli haqda dediyi sözlər idi:
“Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqallı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi”.

Həsənlinin “liberal don”u

Eldəniz Quliyevin sözlərindən çıxan məntiq bu idi ki, Milli Şura mıxı qoyub nala vurur, yəni, taleyüklü məsələləri bir kənara atıb boş-boş danışmaqla vaxt “öldürür”, illər əvvəl bir prinsiplə yola çıxanların artıq əqidəsi mutasiyaya uğrayaraq öz forması və gücünü itirib. Habelə, vaxtilə Rusiya tərəfindən yaradılmış Milli Şuraya “liberal don” biçmək istəyən Cəmil Həsənli bunun üçün Eldəniz Quliyevi “qurban” verdi.
Görünən bu idi ki, Eldəniz Quliyevin Şurada təmsil olunması, bu qurumla bağlı öz planları olan Cəmil Həsənlinin məqsədlərinə uyğun deyildi. Buna görə də, kinorejissorun istefası üçün lazım olan ən münbit zəmin yaradıldı.
Yuxarıda qeyd etdiyimiz kimi, Quliyevin gedişindən sonra isə söyüş və təhqir üçün əllərinin içi geyişən troll dəstəsi özünü çox gözlətmədi. İlk siqnal eşidiləndə monqol atları kimi qabaqlarına keçəni əzib ötməyə başladılar. Maraqlıdır, həm getməsini istəyirdilər, buna da nail oldular, yola saldıqlarının arxasınca isə “getmisənsə bizdən deyilsən, bizimlə deyilsən” deyib qatı açılmamış söyüşlərlə tərbiyəsizliyin ən dibinə qədər endilər. Bu, Əli Kərimli və tərəfdarlarının təkcə Eldəniz Quliyevə olan münasibəti deyil – AXCP və Milli Şuradan gedən hər kəsi söyüşlə yola salırlar. Hamıya eyni münasibət sərgilənib: ya özü, ya ailə üzvləri təhqir edilib, söyülüb, bəzi məqamlarda ölümlə təhdid olunub.

Adamı canından bezdirənlər

ABŞ-da oturan Cəmil Həsənli liberalizmin, Eldəniz Quliyev isə mühafizəkar xəttin təmsilçisi kimi təqdim edilir. Eldəniz Quliyevin mühafizəkarlığını anlamaq olardı, amma liberalizmi əlində bayraq edən Cəmil Həsənli, o cümlədən cəbhəçilərin rejissora qarşı total hücumlarını anlamaq bir qədər çətindir. Yəni, ən adi bir fikrə, bir yanaşmaya dözümsüzlük növbəti dəfə Əli Kərimli və Cəmil Həsənlinin lokomotivi olduğu qrupları yanlış istiqamətə döndərdi. Daha doğrusu, həmişə getdikləri yola...
Bu yolda isə bundan əvvəl bu qrupdan gedənlərin qarasınca dediklərini Eldəniz Quliyev üçün də təkrarladılar: “İran agenti”, “hakimiyyətə işləyir” və s. Hətta, Əli Kərimlinin əmisi oğlu İnqlab Kərimov bir qədər də irəli getdi. Eldəniz Quliyevin həyat yoldaşı, aktrisa Xalidə Quliyevanın “hakimiyyətdən xalq artisti” adı aldığını dedi. Yəni, bolşevik təfəkkürü yenə də öz ampulasındadır: nə sənətdən başları çıxır, nə də siyasətdən. Hər şeyə Stalinin baxdığı çərçivədən baxırlar: varsansa, ya mənimləsən, ya da qara torpaqla. Stalin 1930-cu illərdə bu təfəkkürlə yüz minlərlə insanın həyatına son qoymuşdu. İndi Əli Kərimli və ətrafındakıların bunu etməyə gücləri çatmır, amma əmin olun ki, əllərində həmin imkanlar olsaydı, adamın dərsini soyub yerinə saman təpərdilər. Buna görə də, bacardıqları ən yaxşı iş, insanı canından bezdirib intihar həddinə çatdırmaqdır.
Loading...

close
close