Millət vəkilindən SƏRT SÖZLƏR: Bu biabırçılığın adı nədir?

12.05.2020 11:19
676

Musa Qasımlı,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Məlum olduğu kimi, cənab Prezidentimiz İlham Əliyev tərəfindən başladılan və millətimiz tərəfindən rəğbətlə qarşılanan geniş hüquqi, institusional və kadr islahatlarının başlıca məqsədi inkişafımıza mane olan halları aradan qaldırmaq, dövlət idarəçiliyini daha şəffaf, səmərəli və çevik etməkdir. İslahatların aparıldığı başlıca sahələrdən biri korrupsiyaya qarşı mübarizə, vətəndaş-məmur münasibətlərini daha sağlam əsaslar üzərində qurmaq və vətəndaş məmnunluğuna nail olmaqdır. Bu sahədə atılan addımlar, dövlət orqanlarımızın həyata keçirdiyi tədbirlər bəyənilir.

Millətimizin minilliklərdən keçib gələn qədim və zəngin mədəniyyətinin qoruyucusu olan Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin əməlləri daha çox hiddət doğurur. Ona görə ki, hamı bilir, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün gedişində ərazilərimizin bir qisminin işğal edilməsi nəticəsində tarix və mədəniyyət abidələrimiz tamamilə dağıdılıb, millətimizin adına olan nə varsa hamısı yerlə bir edilib. İşğalçılar tərəfindən güllələnmiş və bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılan görkəmli mədəniyyət xadimlərinin heykəlləri bizim hər birimiz üçün dərs deyilmi? Tarixi torpaqlarımız olan Ermənistanda da tarix və mədəniyyət abidələrimiz, qəbiristanlıqlarımız yerlə-yeksan edilib. Orada da millətimizin adına bir şey qalmayıb.

Çoxlu suallar yaranır. Hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması üçün gərgin səylər etdiyi bir zamanda Mədəniyyət Nazirliyində baş verən bu biabırçılığın adı nədir? Dövlətimiz imkanları daxilində tarix və mədəniyyət abidələrinin bərpası üçün vəsait ayırır, ancaq rayonlardakı tarix və mədəniyyət abidələri nə vəziyyətdədir? Nazirlik rəhbərliyi bunları nə üçün görməyib? Görübsə nə üçün ölçü götürməyib?

Korrupsiyaya qurşananlar, milli-mənəvi dəyərlərimizə və ölkəmizin adına ləkə gətirənlər birdəfəlik anlamalıdırlar ki, dövlətin, millətin pulunu yemək olmaz və əməllərinə görə gec-tez cavab verməli olcaqlar.

Fikrimcə, Mədəniyyət Nazirliyinin bütün sistemində və yerli şöbələrində köklü islahatların aparılması, digər rüsvayçılıqlara son qoyulması artıq zərurətə çevrilib. Vətəndaşlarımız digər məsələlərdə olduğu kimi, islahatların aparılması və korrupsiyaya qarşı mübarizə məsələsində də cənab Prezidentimizin yanındadır.

Loading...