Millət vəkili üçün özəl gün: Vətənə həsr edilən ömür

26.07.2022 16:46
286
photo_90438366

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin 71 yaşı tamam olur. 

AZSABAH.COM xəbər verir ki, Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirib, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub. 1973-cü ildə institutu bitirərək, iqtisadçı ixtisasına yiyələnən Eldar Quliyevin iş fəaliyyəti zənginliyi ilə seçilir.


1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləyib. Hərbi xidmətdən sonra, 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində çalışıb. 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olub. 

1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir.


Eldar Quliyev 1993-cü ildə ümumilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və ölkəni məhv olmaq təhlükəsindən xilas etməsi prosesində ulu öndəri yaxından dəstəkləyib.

Eldar Quliyev Azərbaycan elminin inkişafında da mühüm rol oynayan şəxsiyyətlərdəndir. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilib. Roma şəhərinin “Fəxri alimi”dir. 


Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunub, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülübdür. 

Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunubdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı çap olunub. Ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilibdir.


2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın geniş təqdimatı keçirilib. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. 

Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilibdir.

Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı, eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatı təqdim olunub. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunub. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Qızıl medalla da təltif edilib.


Millət vəkili həmçinin Xarici işlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar yubiley medalı, “Böyük Qızıl Ulduz” medalı (2021-ci il, yanvar, Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk Dünyası elmində xidmətlərinə görə), UNCOPA-nın “KORİFEY” ordeni (26 iyul 2021-ci il, “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” kitabı mühüm elmi dəyərinə görə və onun BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyanın “Şöhrət” medalı (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında iqtisadi və siyasi sahədə fəallığına görə), Azərbaycan Respublikasının “Parlament” medalı (Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə) təltif olunub. 

Professor Prezident İlham Əliyev tərəfindən 70 illik yubileyi münasibəti ilə (26 iyul 2021-ci il) Azərbaycan Respublikasında ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Tapdıq Qurbanlı