Millət vəkili koronavirusdan qurtulmağın yolunu göstərdi

01.07.2020 22:57
816

Bu gün bütün dünya COVID-19 pandemiyasının yaratdığı dərin böhranla üz-üzə qalıb. Milyonlarla insanın edə bilmədiyini gözlə görünməyən düşmən – koronavirus edir. Baş verənlərə “koronavirus qırğını və ya müharibəsi” də demək olar. Virusun ziyanı dünyanın bir hissəsi olan ölkəmizə də dəyir. Vətəndaşının sağlamlığını daim düşünən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan dövlətlərdən biri Azərbaycandır. Respublikamızda pandemiyanın vurduğu zərərin azaldılması istiqamətində görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.
AZSABAH.COM xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Görkəmli alim vurğulayıb ki, pandemiya dövründə dövlətimiz tərəfindən vətəndaşın sağlamlığının qorunması, sosial təminatı və digər məsələlərlə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər davam edir. Atılan addımlar həm fərdin, həm də bütün millətin sağlamlığı üçün olduqca zəruridir. Bu gün Azərbaycanın hər bir vətəndaşından Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etmək, həmişəkindən daha çox məsuliyyətli davranmaq, özünü təcrid etmək, gigiyena qaydalarını gözləmək tələb olunur. Koronavirusa qarşı mübarizəyə laqeyd yanaşmaq olmaz. Vətəndaşlarımız dünyanın bəzi qabaqcıl ölkələrinin acı təcrübəsini unutmamalıdırlar.
“Bəzi vətəndaşların məsuliyyətsiz davranışları, yaranmış duruma qeyri-ciddi münasibəti yoluxma hallarının sayının çoxalmasına səbəb oldu. Bu da karantin rejiminin yenidən sərtləşdirilməsi zərurətini yaratdı. Təəssüf ki, bəziləri koronavirus pandemiyasının törədə biləcəyi fəsadları yaxşı təsəvvür edə bilmir və tətbiq edilən qaydaları pozurlar. Bilməliyik ki, karantin rejiminin müddətinin uzadılması vətəndaşların sağlamlığını qorumaq ehtiyacından irəli gəlir. Çox təəssüf ki, bu gün tövsiyələrə riayət etməyənlərə də rast gəlirik. Tibbi maska taxmayan, sosial məsafə gözləməyən bu şəxslər həm özlərinin, ailəsinin, qohumlarının, həm də bütövlükdə cəmiyyətin sağlamlığını təhlükə altına atırlar. Evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxmaqla, sosial məsafəni gözləməklə və gigiyena qaydalarına ciddi riayət etməklə yoluxma hallarının sayının azalmasına yardımçı oluruq. Tövsiyələrə ciddi riayət olunmalıdır. Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti çoxlu sayda insanların fəlakətinə gətirib çıxara bilər. Unutmaq olmaz ki, tibb işçiləri, dövlət işçiləri gecə-gündüz bizim üçün fədakarlıqla çalışırlar. Gəlin fərdi və ictimai davranışımızla onlara dəstək olaq. Bu bəladan az itki ilə çıxmaqdan ötrü dövlətimizin və xalqımızın yanında olaq!", - deyə Musa Qasımlı vurğulayıb.

Loading...

close
close