Millət vəkili: Bu, qürur hissi yaradır

17.05.2020 13:07
251

"Koronavirus pandemiyasının yaratdığı məlum şərait nə qədər xoşagəlməz olsa da, millətimizə xas olan bir gözəl xüsusiyyəti yenidən nümayiş etdirdi. Cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq könüllü təşkilatlar və hərəkatlar tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətini çətin şəraitdə genişləndirməsi hamımızda qurur hissi yaratdı".

AzSABAH.COM xəbər verir ki, bu fikirləri millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Görkəmli alim sözlərinə belə davam edib: "Məlum olduğu kimi, millətimizin gözəl bir adəti var. Dədə-babadan böyüklər öz davranışları, nəsihətləri ilə daim gənclərə örnək olublar, onlara diqqətlə yanaşıblar, uyğun olmayan məsələlərdə hətta bir işarə ilə dərs də veriblər. Gənclərimiz də böyüklərdən öyrənib, məclislərdə həmişə öz yerlərini bilib və böyüklərin çağırışlarına can-başla qoşulublar. Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına gənclərimizin qoşulması fərəhləndiricidir. Bu, gənclərin dövlətimizlə bir cərgədə addımladığını göstərən amillərdən biridir".

Millət vəkili daha sonrə əlavə edib: "Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin işində seçildiyim 72 saylı Yardımlı-Masallı seçki dairəsində yaşayan onlarla gəncin fəal iştirak etməsi yalnız qürur hissi yaradır. Onlar yaşlılara ərzaq paylarının çatdırılmasında, birdəfəlik müavinətlərin alınması üçün zəruri sənədlərin hazırlanmasında və qan verilməsində səylərini əsirgəmirlər. Vətənpərvər, humanist və fədakar olan könüllülər fəaliyyətləri ilə təkcə tarix yazmırlar, eyni zamanda gələcək nəsillərə örnək olurlar. Cənab Prezidentimizin dediyi kimi, biz birlikdə güclüyük".


Loading...

close
close