"Məktəbli qızlar eşq yaşamağa can atırlar" - Psixoloq sosial şəbəkələrin yaratdığı təhlükədən DANIŞDI

Son zamanlar məktəbli qızların çoxu makiyaj edir və geyim tərzlərində dəyişiklik edirlər. Bu hal əvvəlki illərlə müqayisədə daha çox nəzərə çarpır.

 

Bəs məktəbli qızlar nəyə görə dərslərinə yox, makiyaja fikir verirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, dövrümüzdə sosial şəbəkələr çox aktivləşib.

 

Ətraflı

“Sosial şəbəkələrdə paylaşılan postların əksəriyyəti makiyaj videoları və geyim reklamlarıdır. Çox az halda sosial şəbəkələrdə kitab, elm və təhsillə bağlı postlar və hekayələr paylaşılır. İnsanların şəxsi inkişafı ilə bağlı tövsiyə oluna biləcək səhifələrin də sayı xeyli azdır".

 

Psixoloq qeyd edib ki, şagirdlərin sosial şəbəkədən istifadə etməsi onların psixologiyasına təsirsiz ötüşmür.

 

“Yeniyetmə yaşda olan uşaqlar böyüməyə daha çox meyilli olurlar. Əsas məsələlərdən biri də, azyaşlı qızlarımız da artıq özlərini kimlərəsə bəyəndirməyə, eşq yaşamağa can atırlar. Bu da həmin azyaşlıların ailədə görə bilmədiyi sevgini, əks cinsin nümayəndəsində axtarması ilə əlaqədardır. Bu yaşda olan uşaqların maraq dairələri ancaq telefonlardır. Ona görə valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər. Dərsdən gəldikdən sonra telefondan istifadə etmək saatı müəyyən qədər məhdudlaşdırılmalıdır. Çünki onlar, sosial şəbəkələrdə gördükləri hər bir şeyi özlərində tətbiq etmək istəyirlər”.