Mədəniyyət NAZİRİ RÖYA OLSUN - Məşhurlar bu postda onu istəyir

22.05.2020 14:24
1137

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əbülfəs Mürsəl oğlu Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib. 

Sənətçilər kimi Mədəniyyət naziri görmək istəyirlər? 

AzSABAH.COM xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı məşhurlara müraciət edib. 

Xalq artisti Rasim Balayev:

“Cənab Prezident kimi məsləhət görəcəksə, həmin şəxs də Mədəniyyət naziri olacaq. Kimliyindən asılı olmayaraq, çox istərdim ki, Azərbaycan mədəniyyətini dərindən bilən, sevən adam olsun. Mədəniyyətimiz barədə düşünən, bu işin məsuliyyətini dərk edən şəxs olsun. Bir xalqı onun mədəniyyəti ilə tanıyırlar. Bu işlərə də mədəniyyətimizi bilən şəxs rəhbərlik etməlidir. Azərbaycan xalqını sevən, mədəniyyətimizi inkişaf etdirmək haqqında düşünən insan nazir postunda olmalıdır. Arzu edərdim ki, cənab Prezidentin təyin edəcəyi şəxs bu keyfiyyətlərə sahib olsun”.

Xalq artisti Naibə Allahverdiyeva:

“Bu, mənim nə səlahiyyətimdə, nə də hüququmda olan məsələ deyil. Cənab Prezident o kürsüyə kimi layiq görsə, o da Mədəniyyət naziri olacaq. Mədəniyyət naziri teatrı, kinonu, musiqini bilən bir şəxs olmalıdır. Bu sahədə olan bəzi çatışmazlıqları, problemləri aradan qaldırmalıdır. Tək teatr aləmində deyil, eləcə də musiqi sahəsində problemlər var. Bu, bir insanın işi deyil. Bu problemlər komanda şəklində həll olunub, aradan qaldırılmalıdır”.

Şairə Nazilə Səfərli:

“O kürsüyə layiqli adam əyləşməlidir. Mədəniyyət naziri elə insan olmalıdır ki, ildə 30-40 nəfərə Xalq artisti adını verməsin. Bu gün-sabah dünyasını dəyişəcək insanları aciz vəziyyətdə, gözü yolda qoymasın. Mədəniyyət işçilərinin xüsusi fondunu yarada bilsin. Darda qalan insanlar üçün hər dəfə cənab Prezidentə ağız açılmasın. Nazir mədəniyyət işçilərinin sosial şəraitini təmin edə biləcək insan olsun ki, bu sahənin işçiləri ağır vəziyyətə düşməsinlər”.

Müğənni Nadir Qafarzadə:

“Mədəniyyət naziri olan şəxs bu sahə ilə bağlı insan olmalıdır. Mədəniyyət naziri teatrı, Azərbaycan bəstəkarlarının əsərlərini, onların tarixini bilməlidir, rəssamlıqdan, ədəbiyyatdan başı çıxmalıdır. Universal şəxs olmalıdır. Söhbət Azərbaycan mədəniyyətindən gedirsə, musiqinin hər bir janrından həmin kadrın xəbəri olmalıdır. Kim layiqdirsə, o da seçilsin. Həmin şəxsi öncədən təbrik edirəm”.

Bəstəkar-müğənni Murad Arif:

“Arzu olunandır ki, Mədəniyyət naziri gənc insan olsun. Biz müasir dünyada yaşayırıq. Müasir dövrün insanı olsa, məsələlərə baxış bucağı da yeni olacaq. Amma bu da əsas şərt deyil. Bir də görürsən ki, yaşı 70-i ötmüş yüksək vəzifədə oturan şəxsin o qədər müasir və mütərəqqi fikirləri olur ki, çalışdığı sahəyə fayda verə bilir”.

Müğənni Kərim Abbasov:

“İstərdim ki, Mədəniyyət naziri sənət dünyasından olsun. Sənət insanlarının halına sənətçi yanar. Mədəniyyət naziri müğənnilərimizdən biri olsun. Brilliant Dadaşovanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Röya Ayxanı, Tünzalə Ağayevanı bu kürsüyə layiq görürəm. Mədəniyyət naziri vəzifəsinə bizdən biri təyin olunmasa, ağ günə çıxmayacağıq. Mədəniyyət evinin direktoru o vəzifəyə təyin olunsa, yenə də ciddi dəyişikliklər olmayacaq. Bir dəfə də müğənnilərdən birini layiq görsünlər. O zaman mədəniyyət və incəsənət aləmində müsbətə doğru dəyişikliklərin şahidi olarıq. Müğənnilərimizə hörmət artar. Mədəniyyət naziri bu sənətə canını fəda edən, illərini verən bir şəxs olmalıdır”.

Rejissor Kənan Mahmudov:

“İstərdim ki, Mədəniyyət naziri Qənirə Paşayeva olsun. Mədəniyyət naziri Azərbaycan dilini bilməli, mədəniyyətdən anlayışı olmalıdır. Vətənini, millətini sevən, gənclərə dəstək verən şəxs olmalıdır. Arzu edirəm ki, serial və filmlərə ayrılan pulları mənimsənilməsin. Neçə ildir Mədəniyyət Nazirliyindən ümidim o qədər kəsilib ki, artıq heç nə gözləmirəm”.

Loading...

close
close