"Manat devalvasiyaya uğrayacaq..." - İqtisadçı TARİX AÇIQLADI

24.01.2024 17:13
340
Manat dollar

Xəbər vediyimiz kimi, ABŞ-də prezident seçkiləri ilə bağlı praymerizlər (ilkin seçkilər) başlayıb. ABŞ-nin sabiq Prezidenti Donald Tramp seçkilərdə namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətini 30-40 dollara enəcəyi olub.

 

Bəs neftin qiymətinin enməsi nəticəsində Azərbaycanda devalvasiya ola bilərmi?

 

Azsabah.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açılama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir müddət manatın məzənnəsi sabit saxlanıla bilər:


“Təbii ki, neft qiymətlərinin Azərbaycan iqtisadiyyatında və Azərbaycan manatının dayanıqlılığında mühüm rolu var. Azərbaycan manatı obrazlı dildə desək, kağız neftdir. Öncəliklə, Trampın prezident seçilməsindən sonra neftin bu qədər ucuzlaşması sual altındadır. Ciddi ehtimallar var, amma neft qiymətlərinin düşməsinin dərhal manata təsir edəcəyini söyləmək çətindir. Çünki bizdə məzənnə inzibati olaraq, yəni Mərkəzi Bank və hökumətin verəcəyi qərardan asılıdır. Hələlik Azərbaycanın valyuta rezervləri neft bir müddət ucuz qalsa belə, manatı sabit saxlamağa imkan verir”.

Mütəxəssisin sözlərinə görə, növbəti iki il ərzində məzənnədə müəyyən dəyişikliklərin olması gözləniləndir:


“Yenə də Azərbaycanda uzun müddət sabit valyuta rejiminin qalmayacağı aydındır. Çünki biz 2005-2015-ci illərdə 10 il müddətində sabit rejimdə yaşadıq sonradan 3 pilləli devalvasiyaya getmək məcburiyyəti yarandı. İndi də artıq 8-ci ilə keçdik ki, biz hələ də sabit məzənnə rejimində yaşayırıq. 1 dolların 1,70 manat olması inzibati qaydada müəyyənləşdirilib. Bir müddətdən sonra istər-istəməz manatın məzənnəsində dəyişikliyə getmək məcburiyyəti yaranacaq. Bu hadisə 2024-cü ildə olmasa da, 2025-in sonu, ya da 2026-ci ilin əvvəli üçün mümkündür. Neft qiymətlərinin aşağı düşməsi də bu prosesi sürətləndirəcək”.