Koronavirusdan sonra dünyanın gözləyən böyük "müharibə"

05.05.2020 18:55
387

Asif Nərimanlı

COVID-19 pandemiyasından sonra dünyanın siyasi nizamının dəyişəcəyi aydındır, bu haqda müxtəlif versiyalar irəli sürülür də. Amma biri artıq dəqiqdir: Çin-ABŞ münasibətləri çıxılmaz dalana girdi.

“Virusun Uhandakı laboratoriyadan çıxdığı məlumdur və vaxtı çatanda bunun cavabını verəcəklər” deyən ABŞ dövlət katibi Mayk Pompeo Pekinə barmaq silkələyir, Çin Vaşinqtonun ittihamlarını yaxına buraxmır və bir az da saymazyana yanaşır.

Beynəlxalq ekspertlər ABŞ-Çin qarşıdurmasını yeni “soyuq müharibə”nin başlanğıcı kimi yozurlar və haqlıdırlar da. Nüvə təhlükəsinə görə bu ölkələrdən biri digərinə birbaşa hücuma edə bilmir, əvəzində iqtisadi müharibədən tutmuş sanksiyalara qədər müxtəlif vasitələrdən istifadə edir. Bu kontekstdə ABŞ-ın Çinə qarşı hücumlarının artacağı qaçılmazdır və belə strateji hücumlardan biri də Pekinin ətrafındakı ölkələrin köməyi ilə çəmbərə alınması olacaq, təbii ki, iqtisadiyyatı alt-üst olmuş, siyasi nüfuzu dağılmış Amerika bunu bacaracaqsa...

Yeni “soyuq müharibə”, keçmiş təkrarlanır, bu dəfə Çinə qarşı. ABŞ SSRİ-yə qarşı apardığı “soyuq müharibə”də Çini əsas tərəfdaşlardan biri hesab edirdi. Əslində Çinin sədlərin arxasında güclən(diril)məsi prosesi də elə həmin vaxt başlanmışdı. İndi eyni tale Çinin qapılarını döyür, amma bu dəfə ruslar “qıyıqgözlülərdən” keçmişin qisasını alacaqmı?! Bunu yaxın gələcək bəlli edəcək.

Pekin bu yaxın perspektivi hiss edir ki, “ABŞ Rusiyaya niyə birbaşa təzyiq edə bilmir?” manşetini işə saldı.

Çinin “Feniks” (Simurq) nəşri elə dünən (təbii ki, dövlətin sifarişi ilə) yazır ki, bunun üç səbəbi var.

Birincisi: Son illər Rusiyanın lokal müharibə aparmaq təcrübəsi güclənib və bu, Moskvanın sürətli reaksiya vermək imkanını göstərir. Baxmayaraq ki, ABŞ-ın bütün dünyada hərbi bazaları olduqca çoxdur, amma ruslar hərbi cavabı sürətlə vermək qabiliyyətinə malikdirlər. Ukrayna və Suriya müharibəsində bu açıq şəkildə bəlli oldu.

İkincisi: Rusiya dünyada ən çox nüvə silahına malik olan ölkədir, bununla yanaşı, çoxsaylı ballistik raket, sualtı gəmi və gəmi əleyhinə ballistik raket hazırlayıb ki, bu da, ABŞ-ın hərbi bazalarına asanlıqla zərbə endirmək imkanı verir.

Üçüncüsü, ABŞ təcrübəsində müharibə apardığı ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi adi haldır, amma bu strategiya Rusiyaya qarşı işləmir. Əgər Birləşmiş Ştatlar belə addım atarsa, Rusiyanın öz ehtiyaclarını ödəmək üçün kifayət qədər ehtiyatı var.

Bütün bu fikirləri biz yox, çinlilər irəli sürür. Nə qədər haqlı, yaxud haqsız olması müzakirə mövzusu ola bilər, amma burada hədəfin Rusiyanın anti-Çin cəbhəsində yer ala biləcəyi ehtimalına qarşı önləyiciyi inforəyin formalaşdırılması olduğu müzakirəyə açıq deyil. Yoxsa, hər kəsin koronavirusu müzakirə etdiyi vaxt “ABŞ-ın Rusiyaya hücum edə bilmədiyi”, daha doğrusu, “ABŞ-ın Rusiyaya hücum etmək istədiyi” haqda niyə yazsınlar?! Pekin Moskvaya “düşmənin kim olduğunu” göstərmək istəyir.

Çində ABŞ-ın koronavirus üzərindən onları “cəzalandırmaq” üçün hər şey edəcəyini anlayırlar. Vaşinqton bunu gizlətmir belə. Hərçənd, məsələyə medalın digər tərəfindən baxanda 11 sentyabr yada düşür. 19 il əvvəlki terrorun necə və kim tərəfindən törədildiyinə dair yüzlərlə haçalanan iddialar var, amma ABŞ bundan maraqları üçün lazımınca istifadə etdi. Bu həmin vaxt idi ki, SSRİ 10 il öncə dağılmış, “soyuq müharibə” başa çatmış və ABŞ-ın döyüşəcəyi düşməni qalmamışdı. Düşmən siyasətdə ən vazkeçilməz tərəfdir, imperiyalar – böyük güclər üçün hətta hava-su kimidir. Düşmənin yoxdursa, “böyük gücə” inandırdıqların sənin boğazından yapışacaq, bunu onlara sən öyrətmisən...

Çin ABŞ-a lazım olan yeni düşməndirmi, ya da yeni “soyuq müharibə” başlayırmı?!

Məlum olan budur ki, 11 sentyabrdan sonra Vaşinqtonun həyata keçirdiyi siyasət Trampın gəlişi ilə pis-yaxşı finişə çatdırıldı və koronavirusdan sonra yeni dövr başlanır. Bu, virusun ABŞ, yaxud hansısa digər ölkə tərəfindən bioloji silah olaraq yayıldığı demək deyil, bu, ümumiyyətlə ayrı bir mövzudur. Amma ABŞ-ın virusdan silah olaraq istifadə etdiyi ortadadır.

Və budur, 11 sentyabr terrorundan sonra dini ekstremizmə qarşı od püskürən amerikalılar eyni həmrəyliklə Çinə hücum çəkir. Oğul Buş ictimai rəyi ələ almadan amerikalı əsgərləri Yaxın Şərqə göndərə bilməzdi, ən yaxşı halda daxili rəydə Vyetnam mənzərəsi ilə qarşılaşacaqdı, indi eyni ictimai rəy “Çini vur” çağırışı edir.

Bir milyondan çox amerikalı koronavirusa yoluxub, 50 mindən çox qurban var, milyonlarla insan işsiz qalıb, bu say hər keçən gün artır, “Böyük Depressiya” dövrü qayıdıb və amerikalılar öz hökumətlərini yox, Çini ittiham edir. Bəlkə də haqlıdırlar, ya da bilmirik, özümüzü işsiz qalan, doğmasını virusa qurban verən amerikalının yerinə qoymaq çətindir.

Amma araşdırma şirkəti “Harris Poll”un keçirdiyi sorğunun nəticələri 11 sentyabr terrorundan sonrakı, İraqa girməzdən əvvəlki mənzərəni xatırladır: 70 faizdən çox amerikalı hesab edir ki, Çin epidemiya və onun nəticələri haqqında yanlış məlumat verdi, 75 faizdən çox amerikalı əsas məsuliyyətin Çin hökumətinin üzərinə düşdüyünü düşünür, 60 faiz amerikalı Çinin ən böyük günahkar olduğuna əmindir. Koronavirusdan öncə ABŞ-ın Çin istehsalından asılılığına xarici ticarətin disbalansı prizmasından baxan amerikalılar indi bunu milli təhlükəsizlik məsələsi hesab edirlər. 50 faizdən çox amerikalı Trampın koronavirus haqqında “Çin virusu” ifadəsini bəyənir.

Eşq, kədər, ayrılıq, qəzəb, nifrət, qisas... Bir film ssenarisini tamaşaçıya sevdirən bu fərdi hislər “İdeoloji düşmənçilik, geosiyasi rəqabət, daxili siyasətdə intriqa və bunların fonunda havada uçuşan ittihamlar...” olaraq kütləviləşəndə müharibəni də sevdirir.

Və pandemiyanın məhv etdiyi Amerika mənzərəsi fonunda belə bir ictimai rəy noyabr ayında keçiriləcək prezident seçkilərində Trampın işinə yarayır.

Yaxın perspektiv: Tramp “Çin virusu”ndan seçki kampaniyası üçün istifadə edəcək;

Orta perspektiv: Çin ABŞ-ın yeni düşməni elan olunacaq;

Uzaq perspektiv dumanlıdır, çünki Çin nə İraqdır, nə də bütövlükdə Yaxın Şərq. Belə olanda bütün yollar müharibənin soyuq üzünə aparır.

30 il öncə biz doğulanda bitən, 30 il sonra bizdən olanlar doğulanda yenisi başlayan “soyuq müharibə”.

Mən içəri düşdüyüm il, ikincisi başlamamışdı hələ; Daçau kampında sobalar yandırılmamışdı; Atom bombası atılmamışdı, Xirosimaya;” – yazırdı Hikmət.

Haradan haraya, bütün müharibələri, ayrılıqları və eşqləri, geosiyasi oyunları bir kənara tullayın, qəbul edin ki, dünyanın lap zibili çıxıb və nə yaxşı ki, Nazimin “Vətən xaini” elan edildiyi dövründə yaşamırıq. Ona görə təkrar edirəm: bu dünyanın zibili çıxıb...

Publika.az

Loading...

close
close