Kiçik marketlərin ikili kassa FIRILDAĞI – Bizi belə aldadırlar - FOTO

27.10.2023 15:20
3852
653b9d62e32ae202310232210

Paytaxtdakı bəzi marketlər alıcılara ƏDV-nin bir hissəsinin qaytarılması üçün tələb olunan kassa qəbzini təqdim etmirlər. Əvəzində alınan məhsulların adı və qiymətləri yazılan sadə qəbz verirlər. Söhbət məhəllələrarası kiçik marketlərdən gedir. 

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Bizim.Media-ya müraciət edən bir neçə vətəndaş marketlərin yeni nəsil kassa aparat qəbzlərini müştərinin istəyi, tələbindən sonra verdiyini deyiblər. 

Onların sözlərinə görə, bəzən kassirlər alıcıdan ƏDV-nin bir hissəsinin  qaytarılması üçün lazım olan qəbzi istəyib istəmədiklərini soruşurlar. Əgər müştəri istəyərsə, qəbz ona verilir. Bunun nəylə bağlı olduğu sualına isə satıcılar müəyyən bəhanələr gətirirlər. Gah kassada problem yarandığını, bəzən də ƏDV qəbzlərinin onların zərərinə işlədiyini bildirirlər.

Qanuna görə, müştərinin aldığı məhsulun adı, qiyməti, ümumi məbləği, eləcə də ƏDV-nin miqdarını göstərən qəbz müştərinin istəyindən asılı olmayaraq ona verilməlidir.

Bəs marketlərin belə ikili kassa sistemi ilə işləməsinə səbəb nədir?

Vergi məsələləri üzrə ekspert Anar Bayramov Bizim.Media-ya açıqlamasında bunun qanunazidd olduğunu bildirib:

"Bəzən təcrübədə marketlərdə vətəndaşlara qəbzlər təqdim olunanda qanunvericiliyin tələblərinə riayət olunmadığı halları ilə rastlaşırıq. Belə ki, əvvəlcə marketin özünün daxili proqramı ilə bağlı olan qəbz vətəndaşa aldığı malın adının, qiymətinin doğruluğunu bilsin deyə təqdim olunur. Amma həmin qəbzlər vergi ödəyicisinin, marketin dövriyyəsini göstərmir. Yəni o qəbzi təqdim etməklə dövriyyədən yayınırlar. 

Vergi ödəyicisinin borcudur ki, istehlakçıların etdiyi ödənişlərin müqabilində onlara qanunvericilikdə nəzərdə tutulmuş formada qəbz versin. O qəbzi vermək üçün hər bir vergi ödəyicisi öz mağazasında yeni nəsil kassa aparatı quraşdırmalıdır. Həmin qəbzin verilməsi məcburidir. Amma marketin daxili proqram təminatına bağlı olan qəbzlərin verilməsi məcburi deyil. 

Bir çox hallarda olur ki, vətəndaşların tələbindən sonra qəbz verilir. Yaxud da satıcı özü müştəridən "ƏDV qəbzi" istəyib-istəmədiyini soruşur. Bu, qanunsuzdur. Alıcı həmin o qəbzi istəsə də, istəməsə də kassir qəbzi mütləq müştəriyə təqdim etməlidir. 

Ekspertin fikrincə, bu, mağazaların öz dövriyyəsini gizlətməyə xidmət edir:

"Öz daxili proqramlarına bağlı qəbzi alıcılara təqdim etsələr belə, sonra həmin proqram təminatı öz əllərində olduğu üçün istədikləri rəqəmləri  dəyişib, dövriyyələrini gizlədə bilirlər. Yeni nəsil, real vaxt reimində çalışan kassa aparatının qəbzini təqdim edirlərsə, vergi ödəyicisinin dövriyyəsi onlayn rejim qaydasında verginin sistemində görsənir. Orada hər hansı manipulyasiyanın edilməsi imkanları çox məhduddur. Yəni 1-2 dəfə, bəlkə bunu etmək olar. Amma daima bunu etmək mümkün deyil. Çünki vergi orqanı həmin vergi ödəyicisi barədə tədbir görə bilər".

Ekspert, bundan yayınan mağazaların yüksək məbləğdə cərimə oluna bildiklərini də qeyd edib:

"Ödəniş qəbul edərkən həmin vətəndaşlara mütləq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbz, kassa qəbzi, mədaxil orderi təqdim edilməlidir. Əgər marketlər bunu etməzlərsə, vergi orqanlarının həyata keçirdiyi vergi nəzarət tədbirləri zamanı həmin marketləri yüksək cərimələr gözləyir. 

Hətta olur ki, vergi ödəyicisi nəzarət-kassa aparatının qəbzini vətəndaşa təqdim edir. Amma həmin qəbzdə ancaq bir məhsulun, yəni 20 adda məhsul almısınız, kassa qəbzinin dəyər ifadəsində həmin məbləğ qeyd olunsa da bir məhsulun adı yazılır. Marketdirsə, ərzaq, tikinti malları mağazasıdırsa, tikinti malları yazılır. 

Vergi Məcəllləsinin 50.8-ci maddəsində qeyd olunduğu kimi kassa qəbzində mütləq bütün məlumatlar qeyd olunmalıdır. Əgər bütün məlumatlar təfsilatı ilə kassa qəbzində öz əksini tapmazsa, qəbz təqdim olunsa belə həmin vergi ödəyicisini maliyyə sanksiyası gözləyir".

AZSABAH.COM 

Məqaləyə dair fotomateriallar: