İrəvan üçün siqnal - Paşinyanın demək istədikləri

26.10.2023 16:43
2290
653a5f627d655202310234522

Ermənistan Baş naziri Nikol Paşinyan Tİflis Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib. O bildirib ki, qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür. Paşinyan İrəvanın sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi bölmə yaradacağını, bu bölmənin patrul polisi ilə birlikdə fəaliyyət göstərəcəyini qeyd edib.

AZSABAH.COM  Milli.Az-a istinadən xəbər verir ki,siyasi şərhçi Asif Nərimanlı Paşinyanın çıxışını şərh edib. O bildirib ki, bu təklif İrəvan üçün "çıxış yolu"dur.

"Erməni baş nazir bu təklifini "Sülhün kəsişməsi" layihəsi adlandırır və layihənin region ölkələrinə təqdim olunacağını deyir. Əslində bu təklif İrəvan üçün "çıxış yolu"dur, çünki kommunikasiyanın hansı prinsiplə açılması sülh prosesində əsas komponentə çevrilib. 

- Qərb cəbhəsi Ermənistanın öz ərazisindən keçən yollara nəzarət edəcəyi "yol" prinsipindən -çıxış edir: bu, Azərbaycanın, eləcə də Türkiyə və Rusiyanın istədiyi "dəhliz" məntiqinə qarşıdır;

- Rusiya cəbhəsi 10 noyabr bəyanatının sonuncu bəyanatında əks olunan "maneəsiz keçid" - dəhliz prinsipindən çıxış edir: Ermənistan və onu dəstəkləyən Qərb ölkələri bunu qəbul etmir;

Kommunikasiya məsələsində "ortaq nöqtə" tapılmadığı müddətdə sülh sazişini imzalamaq mümkün olmayacaq, əksinə bu, regionda eskalasiya riskini artırır. Rusiya "ortaq nöqtə" tapmaq, həm də Qərb ölkələrinin regiona girişinin qarşısını almaq üçün "sadələşdirilmiş rejim" variantını gündəmə gətirmişdi, hərçənd, ruslar yenə də yola nəzarətdə iştirak payı istəyirdi. İrəvan bunu istəmir. Və "sadələşdirilmiş rejim" və "təhlükəsizlik bölməsi" təklifi ilə Rusiyanın "ortaq nöqtə planına" qarşı həmlə edir: kommunikasiyaların Ermənistan ərazisindən keçən hissəsində patrul xidmətini də ruslar vermək niyyətində deyil;

Ermənistan anlayır ki, Zəngəzur dəhlizindən tamamilə imtina etmək onun üçün ciddi itkilər vəd edir. Ankara və Bakının dəhlizin İran marşrutu ilə aparılmasını gündəmə gətirməsi də İrəvan üçün siqnal oldu. Və mövqeyində müəyyən korektlər etməklə "ortaq nöqtə" tapmağa çalışır", - politoloq fikrini yekunlaşdırıb.

AZSABAH.COM