Azərbaycan İrana qarşı BU ADDIMI ATMALIDIR – UNİKAL TƏKLİF

05.12.2022 12:05
8587
İran
“Azərbaycan xalqı əsrlərdir ki, islam peyğəmbərinə və onun müqəddəs soyuna, mübarək əhli-beytinə tükənməz sevgi və ehtiram bəsləyir. Xalqımızın ortaq dəyərinə olan əhli-beyt sevgisi ölkəmizin dini mühitində birlik və bərabərliyin, qardaşlığın, sarsılmaz vəhdətin əbədi mühafizə olunmasında mübarək səbəbə çevrilib”.
AZSABAH.COM-a açıqlamasında bu sözləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Onun sözlərinə görə, ən böyük uğurumuz isə dünyəvi ölkə olan Azərbaycanda milli və mənəvi dəyərlərimizin dövlət başçısı səviyyəsində qorunub mühafizə olunmasıdır: “Peyğəmbər və əhli-beyt irsinin mühafizə olunaraq yaşadılmasının əsl təminatçısı dövlətimizin başçısı, Qarabağın Fatehi İlham Əliyevdir”.
C.Əzimbəyli çox zəruri təkliflə çıxış edib: “Hesab edirəm ki, ölkəmizdə birbaşa dövlətimizin himayəsi ilə əhli-beyt mərkəzi yaradılmalıdır. Belə bir mərkəzin yaradılmasının mühüm nəticələri olar. İlk olaraq bu mərkəz inanclı vətəndaşlarımızın yad təsirlərdən qorunmasına yardımçı olacaq. İnanclı vətəndaşlarımızın əhli-beyt sevdalısı olması üçün hansısa ölkəni sevməsi lazım deyil. Müqəddəs islam dəyərlərini istismar edən İran rejimi elə görüntü yaratmağa çalışır ki, sanki xalqımızın əhli-beyt sevgisi bunların təsiri ilə yaradılıb. Halbuki xalqımız yüz illərdir ki, əsl əhli-beyt sevdalısıdır. İmana silah kimi sarılan, hər hansı məzhəbindən aslı olmayaraq elə əsl əhli-beyt aşiqləri vətəninə, dövlətinə xidmət və sevgidə israrlı olan soydaşlarımızdır.
Əhli-beyt mərkəzi məhz islam pərdəsi altında maskalanan, əslində isə dinimizin dəyərlərini istismar edən İranın əsl simasını, din adı altında gizlənən əsl niyyətini üzə çıxararaq, həqiqətləri xalqımıza aşılayacaq. Eyni zamanda bu mərkəzin sayəsində dini cameəmizin yüz illərdir ki, özünü əhli-beytin alavlu təbliğatçısı və mühafizəçisi kimi tanıdan, əslində müqəddəs islam dəyərlərini istismar edən İran dövlətinin "dini" mərkəzlərindən təsirlənən milli dönüklərdən xilas olunmasına nail ola bilərik.
Həmçinin belə bir mərkəzin yaradılması və həmin mərkəzə həqiqi elm və mənəviyyat insanlarının, bu sahənin araşdırmaçısı olan peşakar milli mütəxəssislərin ora cəlb edilməsi dini mühitimizin saflaşmasına, təmizlənməsinə imkan yaradacaq. 
Açıq söyləmək lazımdır ki, təqlidi vətən və dövlət sevgisindən öndə tutan çoxlu sayda dindarın, hətta məscid imamlarının mövcudluğu çox narahatedici məqamdır. Fikrimcə, dini siyasiləşdirməyə cəhd edən milli dönüklərin vaxtında zərərləşdirilməsi milli təhlükəsisizliyimizə ən böyük xidmətdir”.
C.Əzimbəyli deyib ki, İranın ölkəmizdə illərdir ki, əhli-beyt sevərlər adına himayə etdiyi xain, milli dönüklərdən ibarət təhlükəli şəbəkə formalışıb: “Həmin şəbəkəyə açıq və gizlin şəkildə rəhbərlik edən tanınmış din adamları, hətta məscid imamları da mövcudur. İndi ölkənin mənəvi mühitində əsl əhli-beyt sevərlərin, dövlətin və milli maraqların müdafiəsində fədakarlıq göstərən inanclı aydınların sosial şəbəkələrdə qaralanması, təhdid olunması prosesi gedir. Bu qarayaxma və təhdidi həyata keçirənlər də əhli-beyt sevgisini İrana qurban edən məlum şəbəkənin üzvləridir. Əhli-beyt mərkəzinin yaradılması bütün bu şəbəkələrin çökdürülməsinə, İranın ölkəmizə qarşı din adı altında siyasi məqsəd güdən xain oyunlarına son qoymağımızda müstəsna rol oynaya bilər”.