İran Rusiyaya YALVARMAĞA BAŞLADI - Abdullahian təcili Moskvaya getdi

06.10.2021 08:10
6518

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Rusiyada səfərdədir: Lavrovla görüşdə regionu müzakirə edəcək; Tehran Cənubi Qafqazda statusunun nə olacağını anlamaq üçün son qapını döyür;

Abdullahian Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir”.

İsrailin bölgədə mövcudluğunu iddia edən İranın “terrorçular” açıqlamasının iki mənası var:

Birincisi, mümkün müdaxiləyə əsas yaratmaq məqsədilə beynəlxalq siyasətdə artıq ənənəyə çevrilən “təhlükəyə” istinad edir;
İkincisi, “terrorçular” ifadəsi burada Türkiyə və Pakistana işarədir;


İran Türkiyənin adını hallandırmaqla milli kəsimin (Arazın hər iki tərəfində) etirazını körükləmək, o cümlədən, Türkiyə və Pakistanı birbaşa qarşısına almaq istəmir: “sionist” iddiası ilə dini kəsimi “ümumi düşmənə” qarşı birləşdirməyə, “terrorçu” iddiası ilə regional təhlükənin olduğu rəyini göstərməyə cəhd edir;

Tehranın Moskvadan əsl istəyi də bəllidir: Zəngəzur dəhlizinin qarşısını almaq; İranın bölgədə statusunu aydınlaşdırmaq;

Abdullahianın “Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək” açıqlamasında da niyyət etiraf olunur.

İran Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının reallaşmasına da qarşı çıxır: hesab edir ki, bu proses Bakının Zəngəzur üzərində təsir imkanlarını artıracaq və Tehranın Cənubi Qafqaza girişi tamamilə bloklanacaq; əslində Bakının təsir imkanlarının güclənməsi reallığı var, lakin Azərbaycan bundan hansısa üçüncü ölkəyə qarşı yox, regional əməkdaşlıq üçün istifadə etmək niyyətindədir; Tehran Bakıdan asılı vəziyyətə düşməyi qəbul etmir;

Abdullahianın Moskvaya səfəri iki nəticəni çıxarmağa imkan verir:

1. Ermənistanla danışıqlarda (Ermənistan XİN rəhbəri Mirzoyanın Tehran səfəri) istədiklərini ala bilməyiblər və İrəvan qərarverici qapının Moskva olduğuna işarə vurub;
2. Soçi görüşündə (görüşdən öncə və sonra yazdığımız kimi) Ərdoğanla Putin Suriya və Cənubi Qafqaz üzərində anlaşma əldə edib və bu, anlaşma Tehranın bölgəyə girişini əngəlləyir: Abdullahian rusların mövqeyini dəyişməyə çalışacaq;


Qafqazda gərginlik pik həddə çatdığı vaxt Əsəd ordusunun İdlibə hücum hazırlığına dair məlumatların yayılması da diqqət çəkir: Suriya rejimi Soçi görüşündən öncə rusların dəstəyi ilə İdlib razılaşmasını pozurdu, Soçidə anlaşmadan sonra isə Əsədi İran dövriyyəyə buraxır; Əsəd Soçi razılaşmasından narazıdır və Tehran Cənubi Qafqaz cəbhəsinə paralel olaraq, Suriya cəbhəsini də açır və hər iki cəbhədə qarşısında Ankara ilə Moskva var;

İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir, hərçənd, nəticə hasil etmək çətin görünür. Qarabağ münaqişəsinin həllində birgə iştirak edən tərəflər bölgənin gələcəyinə də birgə qərar verdilər və bu gələcəkdə İran yoxdur.

Asif Nərimanlı 

(Publika.az)


Loading...