İlham Əliyevin nazir təyin etdiyi 42 yaşlı Fərid Qayıbov kimdir? - DOSYE/FOTO

07.09.2021 14:10
16155

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib.

AZSABAH.COM xəbər verir ki, Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakıda anadan olub. Nazir təyin olunanadək Avropa Gimnastika İttifaqının prezidenti (2017) və Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifələrini tutub.

O, 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib.

2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak edib.

2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb.

2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın baş katibi seçilib.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıb.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.


Loading...